Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də "Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması" adlı təkbətək görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “AnewZ” telekanalının aparıcısı Keti Uilsonun moderatorluğu ilə keçən görüşdə “Euronews”un baş icraçı direktoru Klaus Strunz çıxış edib.
Baş icraçı direktor “ChatGpt”nin təqdim etdiyi faktların Qərb tərəfindən dominant şəkildə hazırlanmış mətnlər olduğunu və süni intellektin buna istinad etdiyini diqqətə çatdırıb. “Jurnalistlər çalışmalıdırlar ki, auditoriya belə faktları ayırd edə bilsin. Bir çox qərəzli məlumatlar var və onları daha dərindən araşdırmaq lazımdır", - deyə Klaus Strunz bildirib.
O qeyd edib: “Qarabağ münaqişəsinə zamanı “ChatGpt”yə sual verildi ki, "Qarabağ müharibəsi haqqında nə bilirsən?”. Süni intellekt faktları göstərdi. Lakin onlar birtərəfli idi. Bundan sonra mən ondan Qarabağın etnik tərkibini soruşdum. “ChatGpt” minilliklərdən bəri bu regionun əhalisinin 70-90 faizini ermənilərin təşkil etdiyini yazdı. Dərinə gedəndə bu cür məlumatların ortaya çıxdığını gördüm.
Sonuncu sual isə ondan ibarət idi ki, "necə olur ki, o torpaqlardan 600 min azərbaycanlı məcburi köçkün olub və yalnız 150 min erməni yaşayırdı, amma bu bölgəni ermənilərin çoxluq təşkil etdiyi bir region kimi qeyd edirsən?". Mən bəzi faktları ona yazdım. O mənə cavab olaraq bildirdi ki, "sizin qeyd etdiyiniz məlumatlar reallığı daha çox əks etdirir".