Şuşada iyulun 19-dan öz işinə başlayan və üç gün davam edən “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu başa çatıb.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” mövzularında üç panel sessiya keçirilib.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.
Həmçinin, iştirakçılar Ağdama səfər ediblər və Ağdam İmarət Kompleksi, Ağdam Sənaye Parkı, Ağdam Dəmir yolu və Avtovağzal Kompleksi ilə tanış olublar.
Qeyd edək ki, forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
Forumun yekununda iştirakçılar üçün açıq havada konsert proqramı və şam yeməyi təşkil olunub.