ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İyulun 21-də Naxçvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illik yubileyinə” həsr olunmuş “Milli Mətbuat 150 il” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Televiziyasının əməkdar jurnalisti Təhminə Babayeva, “Şərq qapısı” qəzetinin gənc əməkdaşı, jurnalist Rafiq Təhməzov çıxış edərək 22 iyul – Milli Mətbuat Gününün ölkəmizdə söz və fikir azadlığının, milli düşüncənin, maarifçiliyin və vətənpərvərliyin təntənəsi kimi qeyd edilməsi barədə fikirlərini bölüşüblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında bildirib ki, Azərbaycan mətbuatının 150 illik tarixi, sözün əsl mənasında, xalqımızın maariflənməsi, ictimai düşüncənin formalaşması və milli ideologiyanın bərqərar olması yolunda keçdiyi şərəfli bir yoldur. Həsən bəy Zərdabinin əsasını qoyduğu bu müqəddəs yol bu gün müasir Azərbaycanın azad, peşəkar və milli maraqlara xidmət edən mətbuat orqanları ilə uğurla davam etdirilir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanıb və qəbul olunub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub, həmçinin 25 aprel 2025-ci il tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb.
Ölkəmizdə və eləcə də muxtar respublikamızda mətbuatın inkişafı, jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu il may ayının 30-da Naxçıvan şəhərində keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” Naxçıvan mətbuatının dövlətçiliyin, maarifçiliyin, milli kimliyin qorunması və təbliğində mühüm rol oynadığını bir daha göstərdi.
İcra başçısı media qurumlarının rəhbərlərini və əməkdaşlarını, bütün mətbuat işçilərini, jurnalistləri səmimi qəlbdən təbrik edib, onlara fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edib və səmimi təşəkkürünü bildirib.
Sonra Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Televiziyası tərəfindən hazırlanmış videoçarx nümayiş olunub, muxtar respublikada fəaliyyət göstərən media orqanlarının bir sıra nümayəndələri mükafatlandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.