"Bu, Tehran üçün yalnız texnoloji və ya diplomatik məsələ deyil, milli ləyaqət və suverenlik rəmzidir..."
İranın xarici işlər naziri Abbas Arakçı son günlərdə verdiyi ardıcıl açıqlamalarla Vaşinqtona açıq mesajlar göndərib. O, ABŞ-ın iyunun 22-də həyata keçirdiyi aviazərbələrin ölkəsinin nüvə obyektlərinə ciddi ziyan vurduğunu təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bəyan edib.
O, qeyd edib ki, bütün bu dağıntılara baxmayaraq, Tehran uranın zənginləşdirilməsini davam etdirməyə qəti qərarlıdır. "Bizim nüvə obyektlərimiz dağıdılıb, lakin bu, bizim elmi uğurumuzdur və ondan imtina edə bilmərik. Bu, artıq milli qürur məsələsidir", - Arakçı vurğulayıb.
İran rəsmisinin sözlərinə görə, hazırda texniki qiymətləndirmə aparılır və obyektlərin bərpasından sonra uranın zənginləşdirilməsi davam edəcək. O, qeyd edib ki, bu fəaliyyət yalnız sülh məqsədilə aparılır və İranın daxili işi kimi qəbul edilməlidir.
Trampın reaksiyası və CNN-lə növbəti savaş
Arakçının müsahibəsinin efirə getməsindən dərhal sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə reaksiyasını bildirib. O, İran obyektlərinin tamamilə məhv edildiyini bir daha təsdiqləyərək əlavə edib: "Biz bunu bir dəfə etdik və lazım olarsa, yenidən edəcəyik".
Tramp eyni zamanda CNN kanalını "saxta xəbərlər yaymaqda" günahlandıraraq onların "uğursuz reportyorunu" işdən çıxarmağa çağırıb və pilotlara, eləcə də özünə qarşı üzrxahlıq tələb edib.
ABŞ liderinin qəzəbinə səbəb olan məqam CNN-in bir gün əvvəl yayımladığı material olub. Həmin reportajda məxfi mənbələrə əsaslanaraq iddia edilib ki, İranın nüvə proqramının əsas komponentləri ABŞ-ın zərbələrinə baxmayaraq tam məhv edilməyib.
Danışıqlara şərt və regional dəstək
Arakçı ABŞ-la mümkün danışıqlardan da danışıb. Onun fikrincə, Tehran yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan formatda birbaşa dialoqu nəzərdən keçirə bilər. Hazırda isə belə danışıqlara başlamaq üçün uyğun atmosfer yoxdur. Bununla yanaşı, İranın Avropanın üç əsas dövləti - Böyük Britaniya, Fransa və Almaniya ilə növbəti nüvə danışıqları iyulun 25-də keçiriləcək.
Nazir həmçinin ABŞ-ın digər tələblərini - ballistik raketlərin azaldılması və İranın Yaxın Şərqdəki müttəfiqlərinə, o cümlədən HƏMAS, "Hizbullah" və husilərə dəstəyin dayandırılması çağırışlarını da rədd edib. "Onlar ədalətli mübarizə aparır və biz hər zaman onların yanındayıq", - o, əlavə edib.
Hərbi infrastrukturun bərpası
İranın hərbi rəhbərliyi də son açıqlamaları ilə Arakçının ritorikasını dəstəkləyib. Baş Qərargahın nümayəndəsi Mahmud Musəvi bildirib ki, İsraillə qarşıdurma zamanı zərər görmüş hava hücumundan müdafiə sistemi artıq bərpa olunub. O, ölkənin hava məkanının nəzarət altına alındığını desə də, İranın yerli imkanlarla sistemləri yenidən qurduğunu xüsusi qeyd edib.
İranın mesajı aydındır: nə sanksiyalar, nə də bombardmanlar onun nüvə planlarını dayandıra bilməz. Bu, Tehran üçün artıq yalnız texnoloji və ya diplomatik məsələ deyil, milli ləyaqət və suverenlik rəmzidir. ABŞ isə buna qarşı təzyiq və hədə ilə cavab verir. Vəziyyət isə daha da gərginləşməkdədir.