BAKI, 25 iyul. TELEQRAF
Bu gün Cəbrayıl şəhərinə 50 ailə - 119 nəfər köçürülüb.
Teleqraf xəbər verir ki, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan "Qobu Park 3" şəhərçiyindən yola salınıb.
Cəbrayıl şəhərinə köçürülən ailələr bölgələr üzrə bu formada bölünüb: Bakı şəhərindən – 18 ailə (76 nəfər), Biləsuvar rayonundan – 12 ailə (50 nəfər), Abşeron rayonundan – 11 ailə (42 nəfər), Sumqayıt şəhərindən – 6 ailə (22 nəfər), Şabran rayonundan – 2 ailə (8 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (1 nəfər).
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən qurulan Cəbrayıla qayıdan sakinlər
hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, bu köç də nəzərə alınmaqla ümumilikdə Cəbrayıl şəhərinə cəmi 615 ailə (2690 nəfər) köçürülüb.