BAKI. 25 iyul. TELEQRAF
Bakı Su İdmanı Sarayında çimərlik voleybolu üzrə Azərbaycan çempionatının final qarşılaşmaları keçirilib.
Teleqraf xəbər verir ki, həm qadınlar, həm də kişilərin yarışında “AZERRAIL-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.
Qadınların finalında “AZERRAIL-1” “AZERRAIL-2”ni, kişilərin həlledici görüşündə isə “AZERRAIL-1” “Xilasedici-2”ni yenib.
Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar və hədiyyələr təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov və Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva təqdim ediblər.
Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyasının (CEV) təşkil etdiyi klublararası Avropa çempionatında iştirak hüququ əldə ediblər. Xatırladaq ki, ötən mövsüm bu yarışda Azərbaycanı təmsil edən “AZERRAIL”in qadın və kişi komandaları çempion olub.
İyulun 21-də start götürən yarış CEV reqlamentinə uyğun keçirilib. Reqlamentə əsasən, hər klub çempionata ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. İki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırıb.
Qadınlar arasında mükafatçılar:
Qızıl medal – “AZERRAIL-1” (Larisa Smeltsova/ Çinarə Quliyeva)
Gümüş medal – “AZERRAIL-2” (Vera Klimoviç / İlhamə Əzimova)
Bürünc medal – “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli / Amina Ramazanova)
Kişilər arasında mükafatçılar:
Qızıl medal – “AZERRAIL-1” (Konstantin Semenov / Heydər Məmmədli)
Gümüş medal – “Xilasedici-2” (Andrey Melnikov / Həsən Hüseyn Mermer / Asif Əliyev)
Bürünc medal – “AZERRAIL-2” (İbrahim Məmmədov / Muhammad Aslanlı).