AZ

Fermer ziyan edir, kartof soğan əkib becərmək istəmir EKSPERT

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İdxala üstünlük verənlər monopoliyanı qoruyur

Azərbaycan Türkiyədən soğan idxalını bərpa edib. Bu barədə Report.az məlumat verib. Məlumata görə, ümumilikdə ölkəmiz 5,96 milyon ABŞ dolları dəyərində 14 821 ton soğan idxal edib. 2025-ci ilin yanvar-mart ayları ərzində isə Azərbaycan təzə və ya soyudulmuş şalğamaoxşar soğan, səpmə soğan və soğan-şalotun həm ixracını, həm də idxalını həyata keçirib. Valyuta.az-ın xəbərinə görə, hesabat dövründə ümumilikdə 4628,8 ton məhsul idxal olunub. İdxalın ümumi dəyəri 1860,12 min ABŞ dolları təşkil edib. 

Əsas idxal ölkələri Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və Niderland olub. İdxal soğanın ən çox alındığı ölkə Özbəkistandır; ümumilikdə 1796,57 ton. Məhsulun dəyəri 718,63 min dollar təşkil edib. Beləliklə, 1 kiloqram üçün orta qiymət 0,40 dollar və ya 68 qəpik olaraq hesablanıb. İndi də Türkiyədən soğan alırıq. Bir müddət əvvəl paytaxt marketlərində Volqoqrad soğanı satışda idi. Başqa ölkələrin soğanına da möhtac qaldıqsa, vəziyyət yaxşı deyil, demək. Əti, toyuğu, lap kartofu da bir kənara qoyaq. Yəni ölkəmizdə soğan da yetişdirə bilmirik? 

İdxaldan asılı qalmağımızın səbəblərini Sherg.az-a iqtisadçı Rauf Qarayev izah etdi: 

- İdxaldan asılılığı azaltmağın əsas yolu yerli istehsalın artırılmasıdır. Bu, təsdiqə ehtiyacı olmayan aksiomadır. Bunu hökumət də bilir, məmurlar da anlayır, lakin təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır. Yerli istehsal niyə azdır, niyə inkişaf etmir, çünki fermerlərə lazımi səviyyədə kömək göstərilmir, subsidiya ayrılmır. Kəndliyə min-bir əziyyətlə kartof-soğan əkib-becərmək sərf etmir. Sahədən ucuz alınan məhsul şəhərə çatanda bahalaşır. Kəndli də görür ki, onun becərdiyi məhsula dəyər verən yoxdur, əkib-becərmək istəmir. Fermerlərə toxumla, dərmanlarla, əkin, becərmə mərhələsində lazımi dəstək verilməlidir. Ancaq dəstək yoxdur. Fermerlər su qıtlığından əziyyət çəkir, sahələri suvara bilmədiklərini deyirlər. Bu problem illərdir ki, davam edir. Suvarma üçün nəzərdə tutulan su harasa başqa məqsədlər üçün axıdılır, kəndlinin torpaq sahəsinə çatmır. Susuz şəraitdə hansı məhsuldarlıqdan danışmaq olar? Bəzi ərazilər var ki, orada dəmyə torpaqlardır, məhsul əlavə suvarma aparılmadan yetişdirilir. Amma məlumdur ki, dəmyə üsulu ilə məhsuldarlıq yüksək olmur. Yəni bu, yerli tələbatı ödəyəcək səviyyədə ola bilməz. Tələbatın ödənməsi üçün geniş sahələrdə kartof-soğan əkilməli, becərilməlidir. Bu isə hazırkı şərtlərlə mümkünsüzdür. Toxumların çoxu xaricdən alınır, yerli toxum istehsalı yoxdur. Toxumçuluq inkişaf etdirilmir. Suvarma problemi bütün bölgələrdə kəskin şəkildə özünü göstərir. Məhsuldarlıq da aşağı düşür. Yığım zamanı da problemlər yaranır. Məhsulun xeyli hissəsi sahədə toplanmamış qalır, ya da yığılan məhsul standartlara uyğun olmayan soyuducu anbarlara toplanır, orada qeyri-adekvat şəraitdə xarab olur, çürüyür, beləliklə, böyük ölçüdə məhsul itkisi baş verir. Göründüyü kimi problem bir deyil, iki deyil, çoxdur. Bütün bunlar bazarda məhsul qıtlığına və bahalaşmaya, eyni zamanda idxaldan asılı qalmağımıza səbəb olur. 

R.Qarayev qeyd etdi ki, məhsulun tədarükündə ortaya çıxan problemlər də fermerlərin xarici bazarlara üz tutmasına səbəb olur:

- Soyuducu anbarların sayı çox azdır. Soyuducu anbarlara əlçatanlıq aşağıdır. Bölgələrin heç də hamısında soyuducu anbarlar tikilməyib. Çox yerdə yoxdur. Anbarda məhsulun saxlanma qiyməti də bahadır. Bu səbəblərdən fermerlər payızlıq kartofu elə payızda da xaricə satırlar ki, əldə qalıb xarab olmasın, ziyana düşməsinlər. Anbarlarda ehtiyat toplanmadığına görə qıtlıq yaranır. Fermerlərə münasib güzəştlər edilməlidir ki, məhsulu soyuducu anbarlarda saxlaya bilsinlər, tələbat artdıqca, bazara çıxarsınlar, məhsulu yerli bazarda satmağa meyilli olsunlar. Bütün bu problemlərin həll yolları əlbəttə vardır, lakin nədənsə, müəyyən qurumlar, bazarı monopoliyada saxlayanlar özlərinə sərf edən variantı seçir, idxala üstünlük verirlər. İdxal olunan məhsulsa heç də həmişə keyfiyyətli olmur. Ölkəmizdə keyfiyyətli kartof, soğan sortları yetişdirilməsi üçün münbit şərait var. Hövsan soğanı hansı ölkənin soğanından keyfiyyətdə geri qala bilər? Bolqoqrad soğanından pis olmayacaq, hər halda. Bütün resurslar işə salınmalıdır ki, yerli istehsal artsın. İdxalın qarşısı ancaq bununla alına bilər, qiymətlər də ucuz olar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
139
50
sherg.az

10Mənbələr