"Bu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, kredit müqaviləsi bağlanarkən orada bütün əsas müddəalar öz əksini tapır. Məsələn, "Kontakt Home" və digər ticarət şəbəkələri bu sahədə müştərilərlə müxtəlif problemlər yaşayıblar və həmin təcrübə əsasında bacardıqları qədər mümkün riskləri nəzərə alaraq müqavilələrinə müxtəlif bəndlər əlavə edirlər. Onlar çalışırlar ki, gələcəkdə hüquqi mübahisələrdən qorunmaq üçün bütün ehtimalları sənəddə əvvəlcədən qeyd etsinlər".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, bəzi hallarda dəbbə (cərimə) pullarının da yüksək olduğunu müşahidə edirik. Mən özüm də bir neçə belə halın şahidi olmuşam. Bu, təkcə ticarət şəbəkələrində deyil, banklarda da rast gəlinən praktikadır. Məsələn, ödəniş gecikdiyi təqdirdə tətbiq edilən faiz və dəbbə pulları bəzən müştərilərə həddindən artıq yüksək məbləğə başa gəlir. Lakin burada əsas məsələ ondan ibarətdir ki, müştəri həmin kredit müqaviləsini imzalayarkən, müqavilədə əks olunan bütün bu şərtlərlə razılaşdığını hüquqi baxımdan təsdiqləmiş olur. Yəni sən müqaviləyə imza atmaqla, həmin öhdəlikləri qəbul etmiş olursan və bu zaman onların tətbiq etdiyi hər bir şərt artıq hüquqi qüvvə qazanır. Əgər müqavilədə göstərilən şərtlər daxilində kredit götürmüsənsə, o zaman həmin müqavilə üzrə bütün öhdəliklərini də yerinə yetirməlisən. Bu baxımdan da sən ödənişi gecikdirsən, təbii ki, müqavilədə qeyd olunan qaydada cərimə hesablanacaq və tərəflər arasında hüquqi öhdəliklərə əsasən bu tətbiq olunacaq.
İstehlak kreditləri sahəsində bu cür halların geniş yayılması hansı sosial və iqtisadi risklər doğurur?
Bu praktika uzun illərdir belə davam edir. Əgər diqqət etsək, görərik ki, bu sahədə qanunvericilikdə dəbbə pulları üçün alt və üst hədd - yəni minimum və maksimum limitlər müəyyən olunmayıb. Məhz bu səbəbdən də kredit təşkilatları bu mexanizmdən istifadə edərək cərimə məbləğlərini öz kommersiya maraqlarına uyğun şəkildə müəyyən edirlər. Belə hallarda insanlar arasında tez-tez deyilən bir ifadə yada düşür: "Alan razı, satan razı". Yəni, burada iki tərəf var - biri krediti təklif edir, digəri isə qəbul edir. Müqavilə bağlanarkən hər iki tərəf razılaşma əsasında bu öhdəlikləri üzərinə götürür.
"Əgər ödəmə müddətində hər hansı problem və ya anlaşılmazlıq yaranarsa, ilk növbədə müqaviləni diqqətlə oxumaq lazımdır. Çox vaxt insanlar sənədi oxumadan imza atırlar və sonradan bu məsələlərdə çətinlik yaşayırlar. Halbuki bu kimi halların əksəriyyəti sənəddə öz əksini tapıb - sadəcə olaraq imzalanmadan əvvəl diqqət və hüquqi maarifçilik lazımdır" - deyə A. İbrahimov əlavə edib.
Səidə Ramazanova