AZ

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub

Bakı, 8 avqust, AZƏRTAC

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşı Esmira Xəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, akademik Misir Mərdanov, Milli Məclisin deputatı Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov iştirak ediblər.

Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi, maddi-mədəni irsi və azərbaycanlıların bu bölgədəki çoxəsrlik varlığı barədə məlumat verilib. “Qərbi Azərbaycan İrsi” kitabının tarix və mədəniyyətimizin mühüm daşıyıcısı olduğu, deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və tarixi yaddaşının qorunmasında əhəmiyyətli mənbə olduğu vurğulanıb. Kitabın diaspor gənclərinə təqdimatı onların tarixi biliklərini artırmağa və həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa kömək edir.

Tədbirdə vandalizm aktlarını əks etdirən fotosərgi və sənədli film nümayiş olunub.

Diaspor gəncləri ekspertlərə suallar veriblər.

Sonda iştirakçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, avqustun 9-dək Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutur. Düşərgədə 61 ölkədən 128 gənc iştirak edir. Əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçında təşkil olunub, indiyədək 60-dan çox ölkədən 700-dən artıq gənc bu layihəyə qatılıb.

 

Seçilən
80
5
azertag.az

10Mənbələr