AZ

Vaşinqton görüşü: Yeni dövrün başlanğıcı

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü tarixi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq". 

Bunu Bakıvaxtı.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat bildirib ki, bu görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək.

Onun sözlərinə görə, prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyi danılmazdır: 

“Məhz dövlət başçımızın prinsipial və balanslı siyasəti nəticəsində Azərbaycan Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və ölkəmizin ərazi bütövlüyünü tam şəkildə təmin olundu. Ancaq bu qələbə ilə kifayətlənməyərək, prezident İlham Əliyev regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmaq üçün diplomatik müstəvidə də eyni dərəcədə qətiyyətli və məsuliyyətli addımlar atmağa davam etdi”.

S.Salmanova Birgə Bəyannamədə bir çox vacib məsələlərin əks oldunuğunu bildirib:

“Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir. Azərbaycan ilə Naxçıvan arasında birbaşa, maneəsiz əlaqənin təmin olunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq, Ermənistanın da bu prosesdən faydalanması nəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydaya əsaslandığını göstərir.

Ən önəmlisi isə budur ki, prezident İlham Əliyevin illər əvvəl Zəngəzur dəhlizi ilə bağlı verdiyi vəd artıq reallaşma mərhələsinə qədəm qoyub. Dövlət başçısı dəfələrlə bildirmişdi ki, Azərbaycan ilə Naxçıvan arasında quru yol bağlantısı bərpa ediləcək və bu, regional kommunikasiyaların açılması baxımından strateji əhəmiyyətə malik olacaq. Vaşinqtonda qəbul olunan sənəddə bu öhdəliklərin qarşılıqlı şəkildə tanınması və beynəlxalq nəzarət mexanizmləri ilə həyata keçirilməsi bir daha göstərir ki, prezident İlham Əliyev verdiyi hər bir sözü əməli ilə təsdiqləyir. Zəngəzurla bağlı deyilənlər artıq kağız üzərində deyil, siyasi və diplomatik reallıqdır.

Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi perspektivlər açır. Bu layihələr, Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyat inteqrasiyası planının tərkib hissəsidir və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək”.

Səbinə Salmanova: Bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq 

Salmanova qeyd edib ki, sənəddə xüsusi olaraq vurğulanmalı bir məsələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulmasıdır:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanmış birgə müraciətlə Minsk qrupunun və ona bağlı bütün strukturların ləğvi təşəbbüsünə rəsmi start verilməsi, uzun illər ərzində heç bir nəticə verməyən, fəaliyyətsiz və artıq real vəziyyətə uyğun gəlməyən bu formatın tarixə qovuşduğunu göstərir.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı illərdir ardıcıl və prinsipial mövqe nümayiş etdirərək bildirmişdi ki, Minsk qrupu artıq öz funksiyasını itirib və onun dirildilməsinə cəhdlər mənasızdır. Dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, münaqişə artıq həll olunub, Qarabağ problemi bağlanıb və Azərbaycan öz torpaqlarını özü azad edib. Belə olan halda, heç bir əsas qalmırdı ki, bu struktur formal olaraq belə saxlanılsın.

Vaşinqtonda baş verən bu diplomatik qərar, prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur. Bu, həm də yeni bir dövrün başlanğıcıdır”.

Parlament üzvü söyləyib ki, Vaşinqtonda keçirilmiş görüşün və Birgə Bəyannamə reallaşmasında ABŞ Prezidenti Donald Trampın rolu və siyasi iradəsi də xüsusi qeyd olunmalıdır:

“ABŞ-nin sülh prosesinə verdiyi bu dəstək, beynəlxalq ictimaiyyətin regionun sabitliyinə və inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Dövlət başçımız da Trampın ölkələr arasında sülhün təmin olunmasında göstərdiyi səyləri yüksək qiymətləndirdi və ona təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev hətta çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə Nobel komitəsinə ABŞ Prezidenti Donald Trampla bağlı müraciət etməyi təklif etdi. Bu təklif Prezident İlham Əliyevin qlobal düşüncəyə malik, sülh və əməkdaşlıq naminə siyasi jestlərə və diplomatik simvolların gücünə dəyər verən bir lider olduğunun növbəti sübutudur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
bakivaxti.az

10Mənbələr