AZ

ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənədlər və bəyannamə imzalandı, mesajlar verildi CANLI YAYIM (VİDEO, FOTOLAR) Yenilənib

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair

BİRGƏ BƏYANNAMƏ

Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır.

***

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donalda Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb.

Mia.az xəbər verir ki, sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.

Daha sonra çıxış edən liderlər öz fikirlərini alqışlayıblar.

***

Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq.

Mia.az xəbər verir ki, bunu Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.

“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir”, - o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq böyük imkan olmaqla yanaşı, çox böyük məsuliyyətdir.

“Bu strateji tərəfdaşlıq formatı bir çox mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki, gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.

***

Sülh sazişinin hazırlanması və imzalanması, nəticə etibarilə iki ölkə arasında yeni bir mərhələnin açılması və ölkələrimiz arasında suverenliyin və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının başlanğıcıdır.

Mia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə mətbuata birgə bəyanatında deyib.

***

İlham Əliyev isə ABŞ liderinin Nobel mükafatını haqq etdiyini dilə gətirib: "Nikol Paşinyanla birgə Nobel komitəsində Donald Trampla bağlı müraciət edək. Donald Tramp buna layiqdir. O, qısa bir zamanda uzun çəkən danışıqlar prosesini yekunlaşdıra bildi. Biz Ermənistan Baş naziri ilə birlikdə məktub yazıb, müraciət edə bilərik". 

***

"Prezident Tramp və onun komandası olmasaydı, biz uzunmüddətli danışıqlar prosesində qalardıq".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib: "Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi. Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Bizim strateji tərəfdaşlığımız başlayır”

***

"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.

***

"Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm".

Bunu ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib.

Tramp deyib ki, “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışını təmin edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib: "Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq".

***

"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək",- deyə, o bildirib.

ABŞ lideri əlavə edib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda mühüm məqam ondan ibarətdir ki, tərəflər hərbi sahədə əməkdaşlıq qururlar: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışını təmin edəcək."

***

ABŞ və Azərbaycan Prezidentləri Donald Tramp və İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla çıxış edirlər.

Mia.az xəbər verir ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşləri olub.

***

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.

Mia.az xəbər verir ki, sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev dedi: 33 il davam edən sanksiyaların sonu. Prezident Trampın sayəsində mümkün oldu.

Prezident Donald Tramp dedi: Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl.

Prezident İlham Əliyev: Bəli, Sizin qalib olmağınızdan əvvəl. Bu mənim səmimi sözlərim idi. Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır.

Prezident Donald Tramp: Pakistan və Hindistan arasında qarşıdurma. Bu ciddi məsələ idi, çünki hər ikisi nüvə silahına malik ölkədir.

Prezident İlham Əliyev: Kambodca və Tayland.

Prezident Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər sürdü döyüşlər – 33, 35 il?

Prezident İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə başlayıb.

Prezident Donald Tramp: Lakin münaqişə həll edilmirdi.

Prezident İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı.

Prezident Donald Tramp: Bu çox ciddi bir məsələdir.

Prezident İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.

Prezident Donald Tramp: Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir.

Prezident İlham Əliyev: Azərbaycan mətbuatı bunu işıqlandıracaq.

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

.***

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.

Mia.az xəbər verir ki, ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.

Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Prezident Tramp Azərbaycan və Ermənistan liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaq.

Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.

Jurnalistin Prezident Trampa görüşdən sonra barış ümidinin olub-olmaması barədə sualına Tramp “Çox-çox ümidliyəm” cavabını verib.

***

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Görüş təxminən 20 dəqiqə davam edib.

Görüşdə, digər məsələlərlə yanaşı, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.

Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.

***

ABŞ-da səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün Ağ evdə görüşləri olacaq.Mia.az xəbər verir ki, İlham Əliyevin ABŞ prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) Donald Trampın iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.ABŞ prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.Azərbaycan prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar:

***

Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir.

Mia.az Report-a istinadla xəbər verir ki, hər iki ölkənin bayraqları artıq Ağ Evin giriş qapısına gətirilib. Təhlükəsizlik tədbirləri gücləndirilib, qarovul düzülüb və hazır vəziyyətə gətirilib.

ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanı salamlayacaq və sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu, iki ölkə liderləri arasında uzun müddətdir gözlənilən bir görüşdür və regionda sülhün bərqərar olması üçün mühüm addım kimi qiymətləndirilir.

Tədbir Ağ Evdə yüksək səviyyəli təhlükəsizlik və rəsmi mərasimlə müşayiət olunacaq. Liderlərin görüşündən sonra daha geniş açıqlamaların verilməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
25
mia.az

10Mənbələr