AZ

Yeni bir mərhələyə qədəm qoyduq, bu mərhələnin memarı İlham Əliyevdir - RƏY

BAKI, 9 avqust. TELEQRAF

Prezident İlham Əliyevin Amerikaya səfəri və Vaşinqtonda baş tutan üçtərəfli görüş təkcə bölgənin deyil, bütün dünyanın tarixində, taleyində müsbət rol oynayan, mühüm tarixi hadisədir.

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Bu, bütün dünyanın etirafıdır

Onun sözlərinə görə, prezidentin qarşılanma mərasimi, ABŞ prezidenti Donald Trampla görüşü və səmimi dialoqları ABŞ rəhbərliyinin Azərbaycana etimadının göstəricisidir: “Donald Trampın dialoq zamanı İlham Əliyevə “siz böyük lidersiniz” deməsi, əslində, bütün dünyanın etirafıdır. Azərbaycan prezidenti bu gün dünya səviyyəsində sayılıb-seçilən, tanınan, hörmət edilən və sözü ilə, qərarları ilə hesablaşılan bir liderdir, güclü-qüdrətli dövlətin, xalqın təmsilçisidir”, - o, bildirib.

Bölgəyə sülh gəlir

Deputat bu görüşün Azərbaycan üçün əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, bu görüş suverenliyimizin bərpasından sonra yeni bir mərhələnin başlanğıcıdır:

“35 ildən sonra 2020-ci ildə 44 günlük zəfər savaşından sonra torpaqlqrımızın işğaldan azad edilməsi, 2023-cü ildə antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpa olunmasından sonra yeni bir mərhələnin başlanğıcı kimi bu görüş olduqca mühüm tarixi hadisədir. Bölgəyə sülh gəlir, Cənubi Qafqaza davamlı sülh gəlir. Ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığa geniş meydan verilir. Bu da prezident İlham Əliyevin tarixi qələbəsidir".

Ağ Evdə paraflanan Sülh sazişinin şərtləri cənab prezidentin diplomatik qələbəsidir

Deputat vurğulayıb ki, bu görüş ölkə başçımızın diplomatik sahədə tarixi qələbəsinin təcəssümüdür: “2020-ci ildəki 44 günlük zəfər savaşında cənab İlham Əliyev döyüş meydanında qələbə qazanmış, Müzəffər Ali baş Komandan kimi adını tarixə yazdırmışdısa, Vaşinqtonda Ağ evdəki görüşdə paraflanan Sülh sazişinin şərtləri, ABŞ ilə imzalanan digər sənədlər cənab prezidentin artıq diplomatik və siyasi sahədə tarixi qələbəsidir.

Bu qələbə şübhəsiz ki, regionumuzun taleyində yeni bir yol açacaq, rol oyanaycaq. Artıq ABŞ və onun prezidentinin iştirakı və onların zəmanəti ilə paraflanmış Sülh sazişinin mətni dəyişilməyəcək və yəgin ki, cənab prezidentin dediyi kimi, Ermənistan tərəfindən konstitusiya dəyişikliyi ediləndən sonra imzalanaraq bölgəyə sülh, əmin-amanlıq, əməkdaşlıq gətirəcək. Bu, həm də Böyük Qafqaz Evinin yaranmasında ciddi addımdır”.

Prezident İlham Əliyev tarixdə yeni mərhələnin memarıdır

Musa Quliyev qeyd edib ki, müəyyən dövrlərdə Azərbaycana qarşı düşmən münasibətini açıq-aydın göstərmiş dövlətlərə də bir dərs oldu: “Artıq Zəngəzur dəhlizinin “Tramp yolu” adı altında fəaliyyətə başlaması razılaşdırıldı və bu yol sülh, barış, rifah yolu olacaq. Bu, həm də Azərbaycanın digər ərazilərindən Naxçıvana və Türkiyəyə maneəsiz gediş-gəlişi tam təmin edəcək. Sonrakı dövrlərdə isə şübhəsiz ki, yaxın qonşular arasında münasibətlər olduğu kimi bizim də Ermənistanla münasibətlərimiz tənzimlənəcək”.

Deputat qeyd edib ki, buna zaman lazım olacaq:

“Əsas odur ki, yeni bir mərhələyə qədəm qoyduq və bu mərhələnin memarı cənab İlham Əliyevdir. Bu görüş Azərbaycan liderinin qüdrətinin dünyaya sübutu və tarixdə təsdiqidir”.

Seçilən
32
50
teleqraf.com

10Mənbələr