AZ

Vaşinqton görüşündə diplomatik qələbə və Azərbaycanın milli maraqlarının təminatı - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü tarixi əhəmiyyət daşıyır. Bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq. Görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat Birgə Bəyannamədə bir çox vacib məsələlərin əks oldunuğunu bildirib:

"Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir. Azərbaycanla Naxçıvan arasında birbaşa, maneəsiz əlaqənin təmin olunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq Ermənistanın da bu prosesdən faydalanması nəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydaya əsaslandığını göstərir.

Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi perspektivlər açır. Bu layihələr, Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyat inteqrasiyası planının tərkib hissəsidir və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək".

Millət vəkili əlavə edib ki, sənəddə xüsusi olaraq vurğulanmalı bir məsələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulması təşəbbüsüdür.

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanmış birgə müraciətlə Minsk qrupunun və ona bağlı bütün strukturların ləğvi təşəbbüsünə rəsmi start verilməsi uzun illər ərzində heç bir nəticə verməyən, fəaliyyətsiz və artıq real vəziyyətə uyğun gəlməyən bu formatın tarixə qovuşduğunu göstərir. Bu diplomatik qərar Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur", - deyə S.Salmanova qeyd edib.

Milli Məclisin deputatı Zaur Şükürov isə Trend-ə açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında Prezident İlham Əliyevin rolu əvəzsizdir:

"Münaqişəni qalibiyyətlə bitirdikdən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış etdi və bu sülh təşəbbüsünün banisi də məhz Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində Azərbaycan sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək,bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən "5 əsas prinsipi" Ermənistana təqdim etdi. Bu ilin mart ayında son olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlanıb".

Millət vəkili xatırladıb ki, 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tam təmin etdikdən sonra həqiqi danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı:

"Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə maneə törədirdi".

Deputat vurğulayıb ki, Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir.

"Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi - Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul edir. Buna qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin, Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı", - deyə Z.Şükürov fikrini tamamlayıb.

Seçilən
54
50
day.az

10Mənbələr