AZ

Ekspert: Vaşinqtonda keçirilən görüş Prezident İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir

Bakı, 11 avqust, AZƏRTAC

Açıq şəkildə söyləyə bilərik ki, Azərbaycanın Zəfərindən sonra Cənubi Qafqazın siyasi tarixində baş verən ən önəmli hadisələrdən biri də heç şübhəsiz Vaşinqtonda reallaşan görüş idi. Bu görüş niyə önəmlidir? Çünki Vaşinqtonda Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş hər şeydən əvvəl bu vaxta qədər Azərbaycan əleyhinə Bayden administrasiyasının, Emmanuel Makron rəhbərliyində Fransanın, Avropa təsisatlarının, müxtəlif ermənipərəst qüvvələrin və digər siyasi gücünü itirmiş, heç bir şeyə qadir olmayan dairələrin ölkəmizə qarşı olan qaralama kampaniyalarını alt-üst etdi. Prezident İlham Əliyev bir daha dünyaya sübut etdi ki, Azərbaycan sözünün sahibidir və “sözümüz imzamızdır” məsələsi reallıqda Azərbaycan siyasəti üçün bir aksiomdur və eləcə də Prezident İlham Əliyevin simasında sübut olundu”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoglu söyləyib.

O bildirib ki, Vaşinqton görüşündə imzaların atılması çox önəmli idi, lakin yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasının dəyişməsi vacibdir: “Konstitusiyanın dəyişməsi ilə Ermənistan yekun olaraq sülh müqaviləsini imzalayacaq və bu da bölgə üçün çox önəmlidir. Lakin burada bir şeyi unutmamaq lazımdır ki, sülhün təşəbbüskarı Ermənistan yox, heç şübhəsiz Azərbaycandır. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan xalqının gücü, qüvvəti Ermənistanı sülhə vadar etdi. Biz dəfələrlə hökumət, xalq olaraq bəyan edirdik ki, Ermənistanı sülhə məcbur edəcəyik. Azərbaycan sübut etdi ki, Ermənistanın sülhdən savayı bir yolu yoxdur. Dünya təcrübəsində nadir rastlaşdığımız hallardan biri də qalib ölkənin məğlub tərəfə sülh təklifi idi. Azərbaycanın bu təklifi dünya üçün də bir nümunədir. Mən düşünürəm ki, Ermənistan bu məsələni əvvəlki 4 ildə olduğu kimi uzatmayacaq. Ən azından ona görə ki, müqavilənin uzadılması, ilk növbədə Ermənistanın maraqlarına xidmət etmir. Ona görə də Ermənistan digər dövlətlərin tapdağına, hərbi düşərgəsinə çevrilmək istəmirsə, sülh müqaviləsi üçün lazım olan addımları atmalıdır. Azərbaycan bölgədə sülhün olmasını dəfələrlə bəyan edib və biz bunu sözümüzlə, əməlimizlə, hökumət və xalq olaraq sübut etmişik”.

Ekspert bildirib ki, Azərbaycan uzun illərdir davam edən münaqişənin başa çatması istiqamətində öz siyasi iradəsini ortaya qoyub. Vaşinqton görüşü Azərbaycanın birbaşa siyasi iradəsinin təzahürüdür və bu cür də qəbul olunmalıdır. Bu baxımdan da mütləq və davamlı sülhün əldə edilməsi üçün Ermənistan konstitusiyasına dəyişikliklər etməlidir.

“Mən düşünürəm ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın bu məsələdə də qarşısına tələblər qoyulacaq və minalanmış ərazilərin xəritələrini tam və ya qismən Azərbaycana təhvil verəcək. Bu da olduqca önəmli məsələlərdən biridir. Digər bir tərəfdən bilirsiniz ki, Prezident İlham Əliyev beynəlxalq təzyiqlər qarşısında heç zaman geri çəkilmədi. Vaşinqtonda keçirilən görüş də bu mənada Prezident İlham Əliyevin diplomatiyasının növbəti qələbəsi və uğurudur”,- R. Hafizoğlu əlavə edib.

Seçilən
36
50
azertag.az

10Mənbələr