AZ

Elçin Xalidbəyli: Ermənistanın tək şərti yerinə yetirməsi Cənubi Qafqazda sülhün açarıdır – ÖZƏL

"Prezident İlham Əliyevin mövqeyinin prinsipial və qətiyyətli olması böyük əhəmiyyət daşıyır. Azərbaycan prezidenti faktiki olaraq bütövlükdə Cənubi Qafqazın gələcək taleyinin pozitiv istiqamətlərə yönəlməsində həll edici rol oynayır. Bu baxımdan hesab etmək olar ki, Prezident İlham Əliyevin ABŞ-yə son səfəri Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanmasının əsasını qoymuş oldu".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ən əsası isə ABŞ-nin şahidliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi üzrə mətnin paraflanması başa çatdı: "Bundan sonraki mərhələdə yalnız bir şərtin yerinə yetirilməsi qalır. O da Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların ləğv edilməsidir. Əgər Ermənistan ən qısa zamanda bu şərti yerinə yetirsə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında heç bir maneə qalmayacaq və iki ölkə sülh prosesini böyük uğurla yekunlaşdıra bilərlər. Bununla da Cənubi Qafqazda sülh və sabitlik dövrünün başlanmasına nail olmaq mümkün olacaq".

Siyasi şərhçi qeyd edib ki, hazırda Ermənistanda vəziyyət bir qədər mürəkkəbdir, çünki yaxınlarda parlament seçkiləri keçiriləcək və Paşinyan hakimiyyəti mövqelərini qorumaq üçün ehtiyatlı davranmalıdır. Bu baxımdan Paşinyan hakimiyyətinin Azərbaycanın şərti, yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğu müddəaların ləğvi məsələsini nə vaxt və necə həll edəcəyi hələ məlum deyil. Böyük ehtimalla, bu mövqe parlament seçkilərindən sonra da qala bilər.

E. Xalidbəyli vurğulayıb ki, Azərbaycan tərəfi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün bütün addımları qətiyyətlə və prinsipial şəkildə atıb. İndi növbə Ermənistandadır. Ermənistan cəmi bir şərti yerinə yetirməklə tarixi sülh sazişinin imzalanması üçün şərait yarada bilər. Bu baxımdan hesab etmək olar ki, ABŞ Prezidenti Donald Trampın bu prosesdə iştirakı strateji xarakter daşıyır və böyük əhəmiyyətə malikdir. Çünki ABŞ Prezidenti Donald Trampın vasitəçi və təşəbbüskar rolunu oynayıb sənədə imza atması faktiki olaraq Cənubi Qafqazdakı sülh prosesinə müsbət təsir göstərə bilər. Eyni zamanda, bu, ABŞ-nin Cənubi Qafqazda sülh və təhlükəsizliyə təminat verməsi deməkdir. Buna paralel olaraq qeyd etmək olar ki, bundan sonra Paşinyan hakimiyyəti mövqelərini qorusa da, ya da hansısa başqa siyasi qüvvə hakimiyyətdə olsa da, rəsmi olaraq Vaşinqtonda imzalanmış sənədlərdən imtina edə bilməz, çünki bu sənədlərin qarantı məhz dünyanın super dövləti - ABŞ və onun Prezidenti Donald Trampdır. Bu baxımdan Ermənistan əvvəl-axır Azərbaycanın şərtini yerinə yetirmək məcburiyyətində qalacaq. Minsk qrupu ilə bağlı məsələ artıq həll olunub, bu iki şərtdən biri idi. Beləliklə, Minsk qrupunun ləğvi həmin şərtin aradan qalxması deməkdir.

"İndi yalnız bir şərt qalıb ki, onu da Ermənistan tərəfi əvvəl-axır yerinə yetirməlidir. Əks halda, Prezident İlham Əliyevin dediyi kimi, bu həm ABŞ-yə, həm də həmin dövlətin Prezidentinə qarşı ciddi siyasi hörmətsizlik kimi qiymətləndirilə bilər," - siyasi şərhçi əlavə edib.

Sevda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
16
olaylar.az

10Mənbələr