AZ

Əsrin memorandumu: Azərbaycan müharibədən sonra əbədi sülhü də qazandı

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yaddaşlara həkk olunacaq.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Vaşinqtonda keçirilən görüşlər, sərgilənən davranışlar, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin təntənəsi oldu. Bu səfərin detalları hələ uzun müddət beynəlxalq siyasətçilər tərəfindən incələnəcək, təhlil ediləcək, öyrəniləcək.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən Zirvə görüşündə iki ölkə arasındakı sülh sazişinin paraflaması Cənubi Qafqazdakı güc dinamiklərini dəyişdirən bir addım kimi qiymətləndirilə bilər. Bu addım, Azərbaycanın 44 günlük Vətən müharibəsində meydanda əldə etdiyi uğurun masa arxasında da təsdiqlənməsi deməkdir.

Güclü iradəni nümayiş etdirən bu qərar həm Azərbaycan, həm də region üçün çox böyük nailiyyət olacaq. Nəticə etibarilə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasını təmin edən bu sənədi Bakı üçün tam bir qələbə kimi görmək mümkündür. Digər tərəfdən, bu sazişlə Zəngəzur dəhlizinin açılması, xüsusilə Azərbaycan ilə Türkiyə, ümumilikdə isə Türkiyə ilə Orta Asiya Türk dövlətləri arasında birbaşa quru əlaqəsinin təmin edilməsi Türkiyənin də regional ticarət və logistika sahəsindəki mövqeyini gücləndirəcək. Beləliklə, Cənubi Qafqazda tarixi bir dönüş nöqtəsi xarakteri daşıyan Sülh sazişi, ABŞ üçün ənənəvi güc balanslarını sarsıdaraq strateji bir dəhliz və iqtisadi imkan sahəsi formalaşdırmışdır. Yaranmış bu yeni geosiyasi vəziyyət eyni zamanda Türkiyə ilə ABŞ arasında yeni tərəfdaşlıqların formalaşmasının da yolunu açacaq.

Onilliklərdir davam edən Azərbaycan - Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. Beynəlxalq hüquqda sülh prosesi yalnız hüquqi sənədlərlə deyil, həm də siyasi iradə ilə təmin edilir. İlham Əliyevin liderliyi bu mənada “proaktiv diplomatiya” nümunəsi oldu. O, 44 günlük müharibə ilə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu icra etdi, ardınca isə sülh masasında bu qələbəni "jus cogens" prinsipləri ilə möhkəmləndirdi. ABŞ Prezidenti Donald Trampın “İlham Əliyevlə işləmək şərəfdir” bəyanatı təkcə diplomatik kompliment deyil, həm də liderin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, dövlətimizin başçısının regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. Liderliyin bu modeli beynəlxalq hüquqda "statecraft" anlayışına uyğundur: dövlət başçısının daxili və xarici siyasəti əlaqələndirərək milli maraqları təmin etməsi, beynəlxalq hüquq normalarına uyğun strateji balans yaratması. Prezident İlham Əliyev həm hərbi mərhələdə, həm də post-konflikt diplomatiyasında həmin modelin uğurlu tətbiqini nümayiş etdirdi.

Vaşinqton Bəyannaməsi sadəcə bir diplomatik sənəd deyil - bu, müharibədən sülhə keçidin beynəlxalq hüquq əsasında möhkəmləndirilməsinin nümunəsidir. Prezident İlham Əliyev həm hərbi, həm də diplomatik mərhələdə Azərbaycanın milli maraqlarını qoruyaraq regionun geosiyasi xəritəsini dəyişdi. Həmin sənəd həm də gələcək nəsillər üçün sülh, əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik irsidir. Dövlətimizin başçısının daha bir uğuru Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması sənədinin imzalanmasıdır. Qeyd etmək lazımdır ki, həmin düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycanın Ermənistana qarşı guya “blokada” tətbiq etməsi bəhanə edilərək, ölkəyə dövlət yardımını qadağan etmişdi. Həmin ədalətsiz qərar da ləğv olundu.

Erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəliş, əslində, həmin vaxt Ermənistan tərəfindən təcavüzə məruz qalan Azərbaycana qarşı görünməmiş tarixi ədalətsizlik idi. Həmin düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan etməklə Azərbaycanı Ermənistan qarşısında zəiflətməyə və təcavüzə kömək etməyə xidmət edirdi. Həm də bu o vaxt edilmişdi ki, Qərbi Azərbaycandan – indiki Ermənistandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və Azərbaycan böyük bir qaçqın axını ilə üzləşmişdi. Ən pisi də odur ki, bu düzəliş sonralar vaxtaşırı Azərbaycana qarşı təsir vasitəsi kimi də istifadə edilib.

Ümumiyyətlə qeyd edək ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə, kağız üzərindəki sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək Siyasi Yol Xəritəsidir.

Prezident İlham Əliyevin görüşdə nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti Donald Trampın özü də görüş zamanı dəfələrlə vurğuladı ki, Prezident İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi.

Bəyanatda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi barədə müddəa da var. Bu, “Tramp yolu” adı altında Zəngəzur dəhlizinin açılacağının bəyan olunması deməkdir. Belə ki, bəyanatda Azərbaycanın Naxçıvana maneəsiz hərəkəti barədə qeydin yer alması məhz Prezident İlham Əliyevin tələbinin reallaşmasıdır. Elə buna görə də revanşist qlobal erməni şəbəkəsi bu bəyanatı Ermənistan üçün “məğlubiyyət” hesab edərək, xam xəyallarını səsləndirirlər. 

Bir sözlə, cənab prezidentin rəhbərliyi altında Azərbaycanın haqq işi - sülh diplomatiyası öz xoşməramlı missiyası ilə Ağ Evi də fəth etdi. Azərbaycan müharibədən sonrakı əbədi sülhü də təmin etməyi bacardı və bütün dünyanın diqqətini özünə cəlb etdi. İndi hər bir Azərbaycan vətəndaşı əmindir ki, cənab prezidentin rəhbərliyi altında ölkəmiz daha böyük nailiyyətlərə imza atacaq. Buna nəinki dostlarımız, heç düşmənlərimiz də şübhə ilə yanaşmırlar. Çünki Ulu öndərimizin layiqli davamçısı öz düşünülmüş və uzaqgörən siyasəti ilə dünya liderlərinin böyük rəğbətini qazanıb və dünya liderləri də zaman-zaman cənab prezidentin zəkasına heyranlıqlarını gizlətmirlər. Onu açıq şəkildə ifadə edirlər. Hətta gələcək nəsillər cənab Prezident İlham Əliyevdən bəhs edərkən onu XXI əsrin uzaqgörənlik mücəssəməsi adlandırıacaqlar.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
50
yeniazerbaycan.com

10Mənbələr