AZ

“Pezeşkianın yumşalma siyasəti regionda gərginliyi azaltmaq məqsədi daşıyır” – ÖZƏL

İran Prezidenti Məsud Pezeşkianın xarici siyasətdə yumşalma cəhdləri İranın regional mövqelərinə hansı real təsirləri göstərə bilər?

"Yaxın Şərqdə baş verən hadisələrin mərkəzində İran-İsrail qarşıdurması dayanır. Bu regionda İsrailə ABŞ həm hərbi, həm də siyasi baxımdan açıq dəstək verir, İran isə əlində bir koalisiyaya malikdir. Bu baxımdan, Yaxın Şərqdə İrana qarşı münasibət daha radikaldır".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ və İsrail liderləri açıq şəkildə bəyan edirlər ki, məqsədləri İranda hakimiyyəti dəyişməkdir: "ABŞ-nin məqsədi İranın hazırkı rejimini dəyişdirib, region üçün münasib bir hakimiyyət qurmaqdır. İranın indiki prezidenti bu reallığı başa düşür və vəziyyəti düzgün qiymətləndirməyi bacarır. O bilir ki, İran əlində bir koalisiyaya malikdir və uzun müddət dünya tərəfindən təcrid olunub. İran həm siyasi, həm də iqtisadi baxımdan blokadadadır, bu da ölkənin inkişafına birbaşa təsir edir. Buna görə də prezident İranın xarici siyasətində yumşalma və qərblə dialoqun başlanmasında maraqlıdır. Hətta seçki dövründə də o açıq şəkildə bildirirdi ki, qərblə danışıqlar apararaq İranın mövqeyini yumşaltmaq istəyir. Əgər İran radikal siyasətini davam etdirərsə, BMT və İsrail yenidən ölkəyə müdaxilə etməyə və hakimiyyəti dəyişdirməyə cəhd göstərəcəklər ki, bu da İran xalqı üçün ağır nəticələrə səbəb ola bilər. Reallığı nəzərə alaraq, prezident yumşalma siyasətini davam etdirərək BMT və qərb ilə dialoqu prioritet edir ki, İran münaqişədən uzaq dursun. Əks təqdirdə, radikal qüvvələr mövqelərini qoruyarsa, İran yenə blokadada qalacaq və xaricdən təcavüzə məruz qalacaq. Uzun müddətdir İran daxilində qərblə, xüsusilə ABŞ-nin təsiri altında bir kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Bu şəbəkə dini liderlər, digər güc strukturları və siyasi-iqtisadi sferalarda aktivdir. Son əməliyyatlar göstərdi ki, İsrail və ABŞ-nin kəşfiyyat şəbəkəsi İran daxilində geniş fəaliyyət göstərir.

Siyasi şərhçinin sözlərinə görə, İran dövləti radikal bəyanatlar verdikcə, bu qərblə, xüsusilə ABŞ və İsrailin əlində əsas olur və onlar buna əsaslanaraq İran əleyhinə hərbi əməliyyatlar təşkil edə bilirlər. Buna görə də Pezeşkian çalışır ki, vəziyyəti düzgün qiymətləndirsin və regionda həm İranın, həm də qonşu dövlətlərin maraqlarını nəzərə alaraq yumşalma siyasətini həyata keçirsin. Əgər İranda rejim radikal mövqedə qalarsa, bu, birbaşa regiona və qonşu dövlətlərə, o cümlədən Azərbaycana mənfi təsir göstərəcək. Radikal bəyanatlar Azərbaycanın əliynə də çatır ki, bu da qonşuluq münasibətlərinə uyğun deyil.

"Pezeşkianın apardığı yumşalma siyasəti həm regional, həm də qlobal səviyyədə İran dövlətinin və xalqının maraqlarını uzlaşdırmaq və yaranmış gərginliyi aradan qaldırmaq məqsədi daşıyır. Bu siyasət uğurla həyata keçərsə, İran dünyaya inteqrasiya edə, blokadadan çıxa və qərblə münasibətlərini yumşalda bilər. Əks halda, radikal qüvvələr İran xalqını yenidən çətin vəziyyətə sürükləyəcəklər," - siyasi şərhçi əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
50
olaylar.az

10Mənbələr