Azərbaycanda ictimai nəqliyyatda qadın sürücülərin sayını artırmaq məqsədilə yeni təlim proqramına start verilib.
Maraqlıdır, qadın avtobus sürücülərinə ehtiyac nə üçün yaranıb?
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə, layihə həm nəqliyyat sektorunda kadr potensialının genişlənməsinə, həm də qadınların iqtisadi fəallığının artmasına mühüm töhfə verəcək.
Tural Orucov bildirib ki, AYNA-nın bu təşəbbüsü qadınların nəqliyyat sahəsində rolunu gücləndirməklə yanaşı, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişinlərin rahatlığının təmin olunmasına yönəlib:
“Qadın sürücülərin sayının artması sərnişinlərlə münasibətdə etik davranış mədəniyyətini gücləndirəcək, xidmətin keyfiyyətini yüksəldəcək. Bu, həm də qadınların əmək bazarına çıxış imkanlarını artırmaq baxımından mühüm addımdır”.
Onun sözlərinə görə, proqram çərçivəsində qadın iştirakçılar avtobus idarəetmə bacarıqlarına yiyələnəcək, təhlükəsizlik qaydaları, yol hərəkəti qanunvericiliyi, sərnişinlərlə ünsiyyət və stres idarəetməsi kimi mövzularda təlimlərdən keçəcəklər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, burada heç bir keyfiyyət, fantastik xidmət artımı nəzərdə tutulmur: "Sadəcə qadın sürücülər digər sahələrdə olduğu kimi, avtobus sürücüsü kimi də özlərini sınaya bilərlər. Taksi, velosiped, skuter, motosiklet sürən qadın var. Hətta dünən motosiklet sürən birinə avtoxuliqanlıq etdiyinə görə 15 gün həbs cəzası verdilər.
Avtobus sürəndə də heç bir problem olmaz. Dəmir yolunda da var, təyyarə sürən qadın ola bilir. Avtobus sürən olanda, yəni hər hansı bir fantastik dəyişiklik baş vermir. Sadəcə xanım bu avtobusu işə salıb bir nöqtədən başqa nöqtəyə sürəcək".
Ekspert qeyd edib ki, qadınları da bu sahəyə cəlb etmək bir xidmət sahəsi kimi maraqlıdır:
"Artıq elan verilib, müraciətlər var. Lakin bildiyim qədəri ilə müraciət edənlərin kateqoriyaları uyğun gəlmir. Amma "BakuBus" və yaxud da digər şirkətlər onlara təlimlər keçib, yetişdirməyə çalışır ki, mükəmməl bir sürücü kimi xidmətə başlasınlar". (olke.az)