Tramp və Putin “irəliləyiş” barədə danışsalar da, konkret heç bir razılıq əldə olunmayıb...
Poliqon Türkiyənin "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, Alyaskada keçirilən sammit gözləniləndən daha tez başa çatıb və tərəflər arasında heç bir razılaşma əldə edilməyib. ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin yalnız “proqres”dən danışsalar da, heç bir konkret nəticə açıqlanmayıb.
Sammitdə qısa bəyanatlar verilib, jurnalistlərin sualları qəbul edilməyib və detallara toxunulmayıb. Planlaşdırılan işçi nahar və geniş formatlı danışıqlar da ləğv olunub. Hər hansı birgə bəyanat və ya mexanizm elan edilməyib.
Tramp bildirib: “Atəşkəsə nail olunana qədər razılaşma olmayacaq”. O, əlavə edib ki, gələcək addımlar qismən Ukrayna prezidenti Vladimir Zelenskidən asılı olacaq və Zelenskini sonrakı mərhələlər barədə məlumatlandıracaq.
Putin isə danışıqları “konstruktiv” adlandırıb və tərəflərin “qarşılıqlı anlaşmaya” nail olduqlarını deyib, amma heç bir şərt irəli sürülməyib.
ABŞ prezidenti “Fox News” telekanalına açıqlamasında qeyd edib ki, Çinin Rusiya nefti alışı ilə bağlı yeni tariflərin tətbiqini təxirə salacaq. O, bu qərarını Putinlə danışıqlarda əldə olunan “irəliləyiş”lə əsaslandırsa da, yenə də heç bir detal açıqlanmayıb.
Poliqon.info