AZ

"Putin ağıllı və vətənpərvərdir, mən onunla görüşümdən heyranam" - Donald Tramp

"Mənim mesajım sadədir - razılaşma bağlayın, sülh gətirin və insan həyatını qoruyun..."

Donald Tramp Alyaskada Vladimir Putinlə görüşünü "möhtəşəm dərəcədə yaxşı və çox səmimi" adlandıraraq bəyan edib ki, Rusiya ilə əməkdaşlıq dünya siyasətini dəyişə bilərdi.

Moderator.az xəbər verir ki, bu barədə o, Alyaska sammitinin yekunlarına dair "Fox News" nəşrinə geniş müsahibəsində bəyan edib.

"Putin ağıllı insandır, onu heç kim məcbur etməyib"

Trampın sözlərinə görə, indi əsas məsələ Ukrayna müharibəsinə son qoyacaq real razılaşmanın əldə olunmasıdır. O, Putinə münasibətini açıq şəkildə ifadə edib: "O, çox ağıllı adamdır. Onu heç kim masaya məcbur etməyib. O, öz seçimi ilə gəlib və bu, onun bizim ölkəyə hörmətinin göstəricisidir". Tramp Rusiyanı "nəhəng imkanlara malik inanılmaz ölkə" kimi təsvir edib: "Onlarda nadir torpaq elementləri, böyük enerji resursları, möhtəşəm ərazi var. Ən böyük əraziyə sahibdirlər, 11 saat qurşağını əhatə edirlər. Biz birlikdə çox şey edə bilərdik".

Müharibə və Baydenə ittihamlar

Tramp müsahibənin mühüm hissəsində Ukrayna müharibəsinə toxunaraq Bayden administrasiyasını sərt tənqid edib: "Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Putin də bunu açıq şəkildə təsdiqlədi. Bu, Baydenin faciəvi uğursuzluğudur. İndi minlərlə insan ölür, şəhərlər dağılır, ailələr məhv olur. Bu müharibə ümumiyyətlə baş verməməli idi". Onun sözlərinə görə, hazırda əsas məsələ razılaşmanın əldə edilməsidir: "Zelenski razılıq verməlidir. Ukrayna tərəfi çox şey itirir. Mən ona bir mesaj göndərirəm: razılaşmanı qəbul et. Bu, yalnız onun xalqı üçün yox, bütün Avropa üçün həyati əhəmiyyət daşıyır".

NATO və Avropaya mesaj

Tramp NATO-nun son illərdəki dəyişikliyinə xüsusi diqqət çəkib. Onun fikrincə, indi Avropa ölkələri daha çox maliyyə öhdəliyi daşıyır: "Mənim siyasətim nəticəsində NATO üzvləri 2 faiz yox, 5 faiz ödəyirlər. Bu, böyük fərqdir. Əvvəllər biz ödəyirdik, indi isə onlar". Eyni zamanda Tramp ABŞ-ın Avropa ilə bağladığı ticarət müqavilələrini xatırladaraq deyib ki, bu razılaşmalar Rusiya hərbi sənayesinə yönələcək pulların qarşısını alıb: "Əvvəlki administrasiyalar bu imkanları əldən verirdilər, biz isə vəziyyəti dəyişdik".

Nüvə təhlükəsi və "hörmət prinsipi"

Görüşdə nüvə silahları mövzusu da müzakirə olunub. Tramp vurğulayıb ki, həm ABŞ, həm də Rusiya böyük arsenala sahibidir və buna məsuliyyətlə yanaşmaq lazımdır: "Bu gücə hörmətlə yanaşmaq lazımdır. Əks halda, bu, dünyanın sonu ola bilər. Mən ilk prezidentliyim dövründə ABŞ-ın nüvə arsenalını gücləndirdim, çünki bu məsələni görməzdən gəlmək mümkün deyildi".

Görüşün ab-havası və gizli detallar

Tramp Putinə səmimi münasibət göstərərək bildirib ki, dialoq üç saat davam edib və çox məhsuldar keçib: "Biz çox mövzuları müzakirə etdik. Bir neçə ciddi fikir ayrılığı qaldı, amma onların da həllini tapmaq mümkündür. Bu görüş isti və səmimi ab-havada keçdi". Eyni zamanda Tramp bəzi detalların açıq saxlandığını bildirib: "Razılaşmanın detalları barədə indi danışmaq istəmirəm. Çünki əsas məsələ onun reallaşmasıdır. Əgər danışmağa tələssək, proses pozula bilər".

Üçtərəfli görüş planı

Tramp yaxın vaxtlarda Putin və Zelenski ilə üçtərəfli görüşün keçirilə biləcəyini açıqlayıb: "Onlar hər ikisi istəyirlər ki, mən də orada olum. Bu, böyük fürsətdir. Əgər bu baş tutarsa, minlərlə insanın həyatını xilas edəcəyik. Mən düşünürəm ki, şansımız pis deyil, amma həmişə "50-nin 50-yə deyirəm, çünki siyasətdə hər şey ola bilər".

Dünyaya mesaj

Müsahibənin sonunda Tramp sülh istəyini bir daha vurğulayıb:

"Mənim məqsədim müharibələri dayandırmaqdır. Mən birinci prezidentlik dövrümdə beş, hətta yeddi münaqişəni dayandırmışam. Bu dəfə də mümkündür. ABŞ güclü dövlətdir və əgər düzgün liderlik olsa, bütün dünya bundan fayda görər. Mənim mesajım sadədir - razılaşma bağlayın, sülh gətirin və insan həyatını qoruyun".

Seçilən
58
50
moderator.az

10Mənbələr