Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk turu iki klubun debütü ilə əlamətdar olub.
Arena.az xəbər verir ki, əsası 2022-ci ildə qoyulmuş komandalar – “Karvan-Yevlax” və “İmişli” ölkə çempionatının yüksək dəstəsində debüt ediblər.
Hər iki debütant ilk matçını evdə – Şamaxı şəhər stadionunda keçirib. Yevlax təmsilçisi “Qəbələ” ilə qarşılaşmada 1 xal qazanıb – 1:1. İmişlinin eyniadlı klubu isə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
Bununla da 1992-ci ildən keçirilən çempionatda iştirak edən klubların sayı 63-ə çatıb. Əvvəlki 33 mövsümdə 61 komanda güclülər sırasında mübarizə aparıb.
Hər iki komanda təmsil etdiyi şəhərin 3-cü klubudur. İmişlini “Lokomotiv” və “MKT-Araz”, Yevlaxı “Avtomobilçi” və “Karvan” təmsil ediblər.
Qeyd edək ki, bu mövsüm Premyer Liqa 12 komandanın iştirakı ilə keçirilməyə başlayıb.