ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rəsmi Vaşinqton avqustun 22-də ABŞ, Rusiya və Ukrayna liderləri arasında üçtərəfli görüş keçirməyi planlaşdırır. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu barədə ukraynalı həmkarı Volodimir Zelenski və digər Avropa liderlərinə danışıb, lakin Rusiya Prezidenti Vladimir Putin hələ görüşə tam razılıq verməyib.
Bu görüş baş tuta bilərmi və hansı nəticələr gözlənilir? Tarixin 22 avqust seçilməsinin simvolik mənası varmı?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-ın Tramp, Putin və Zelenski arasında görüşü avqustun 22-də keçirmək istəyi münaqişənin gələcək taleyi üçün önəmli bir diplomatik addım kimi qiymətləndirilə bilər:
“Lakin belə bir üçtərəfli formatın reallaşması tamamilə tərəflərin siyasi iradəsindən və qarşılıqlı güzəştə getmək hazırlığından asılıdır. Moskvanın indiyə qədər sərt mövqeyini dəyişməməsi və Kiyevin ərazi bütövlüyü məsələsində geri addım atmaq istəməməsi görüşün uğurla nəticələnməsini çətinləşdirir. Ən yaxşı halda tərəflər arasında birbaşa dialoqun başlanması və humanitar mövzular, xüsusilə əsir mübadiləsi, atəşkəsin lokal müddətdə təmin olunması kimi məsələlər gündəmə gələ bilər”.
Həmçinin oxuyun:
Alyaska Sammiti yeni dünya düzəninin başlanğıcıdır – Amerikalı siyasi şərhçi
Züriyə Qarayeva
Politoloq qeyd edib ki, tarix seçimi, yəni avqustun 22-si xüsusi bir rəsmi yubiley və ya tarixi hadisə ilə bağlı deyil:
“Lakin bu tarix ABŞ diplomatiyası üçün daha çox texniki səbəblərlə — həm Tramp administrasiyasının daxili siyasi təqvimi, həm də beynəlxalq gündəmin sıxlığına uyğunlaşdırılaraq seçilmiş ola bilər. Yəni tarixin simvolizmdən çox praktik məna daşıdığı ehtimalı daha güclüdür. Nəticə etibarilə, görüş baş tutsa belə, onun əsas əhəmiyyəti böyük saziş imzalanmasından çox tərəflərin bir masa arxasında oturmasının yaratdığı siyasi mesajda olacaq”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.