AZ

ABŞ-də Tramp–Zelenski görüşü: Avropanın mövqeyi necə dəyişir?

Vaşinqtonda bu gün keçiriləcək Tramp–Zelenski görüşü həm ABŞ, həm də Avropa siyasəti üçün xüsusi önəm daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna liderinin təkcə ABŞ prezidenti ilə deyil, eyni zamanda Avropa liderlərinin dəstəyi ilə Ağ Evə getməsi prosesin miqyasını daha da genişləndirir.

Bəs bu görüşdən nələr gözlənilir, ABŞ-nin Rusiya ilə bağlı siyasətində dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu görüş Ukrayna böhranında mühüm mərhələdir. Çünki Zelenskinin Vaşinqtona tək getməməsi, yanında Avropa liderlərinin də olması Qərbin birgə siyasi iradəsini nümayiş etdirmək məqsədi daşıyır. Bu, artıq ikitərəfli deyil, kollektiv Qərbin mövqeyidir.

Müsahibimiz hesab edir ki, ABŞ prezidentinin Rusiya və Putinlə bağlı mövqeyində ciddi dəyişiklik gözlənilmir. Onun sözlərinə görə. Tramp administrasiyası bir tərəfdən Rusiya ilə dialoqu açıq saxlamaq istəyir, digər tərəfdən isə təzyiq və sanksiya imkanlarını əlində tutmaqda maraqlıdır. Bu balansı qorumaq onun siyasətində əsas xətt olaraq qalacaq.

Bəzi iddialara görə, Tramp əslində Avropanı vahid cəbhədə birləşdirə bilib. Politoloq da Trampın addımlarını “usta gediş” adlandırır:

“Çünki Avropa ölkələri əvvəllər müxtəlif mövqelər nümayiş etdirirdisə, indi onlar ABŞ-la birgə daha sıx koordinasiyaya məcbur olublar. Avropa liderləri Vaşinqtona Trampa qarşı yox, Putinə qarşı birgə mövqe ilə gedirlər”.

Züriyə Qarayeva:  Ukrayna məsələsində artıq yalnız Kiyevin mövqeyi deyil, Qərbin vahid iradəsi də masadadır

Bu görüşdən sonra nələrin dəyişə biləcəyinə gəlincə, Z.Qarayeva qeyd edib ki, ən böyük dəyişiklik Qərbin vahid mesajının daha güclü şəkildə ortaya çıxmasıdır. Dediyinə göə, əgər bu birlik qorunarsa, Moskva üzərində diplomatik təzyiq artacaq. Tramp da özünü həm ABŞ, həm də Avropa üçün əsas vasitəçi kimi təqdim etmək imkanı qazanacaq.

“Əsas nəticə ondan ibarət ola bilər ki, Ukrayna məsələsində artıq yalnız Kiyevin mövqeyi deyil, Qərbin vahid iradəsi də masadadır. Bu, sülh danışıqlarının gedişatına ciddi təsir göstərəcək”, - deyə Züriyə Qarayeva fikrini tamamlayıb.

 Zülfü Məmmədov

Seçilən
5
50
bakivaxti.az

10Mənbələr