AZ

Cəmiyyətin daha dözümlü, güclü, cüssəli igid oğlanlara ehtiyacı var...

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Ötən həftə qızlarımızın yetişdirilmə şəklindən danışdıq. Əslində, bir məsələni dəqiqləşdirək ki, tərbiyə məsələsində ənənəni izləmədikcə ağır nəticələr alırıq. Bəzən ənənəni ən çox pisləyən qarşı çıxan valideynlərin yetişdiryi evladların "yarım” qaldığını görürəm. Bu acınacaqlı haldır. Bundan öncəki məqaləmdə vurğuladığım kimi, uşaq tərbiyəsinin birinci şərti zəhmətdir. Zəhmət çəkməyən bir uşaq nə dərəcədə sağlam böyüyəcək  bir az şübhəlidir. Bunlar öz yerində.

Məncə, çağımızın ən böyük bəlası "qızbibi” oğlanlardır. Türkiyədə mütəxəssislər bu vəziyyət üçün "prenses erkek” sözünü işlədir. Çox qəribə hadisələr baş verir cəmiyyətdə. Oğlanlar getdikcə öz yerlərini qızlara verir. Bizim bildiyimiz o idi ki, oğlan qızın arxasınca düşər, bircə kəlmə ala bilmək üçün aylarla qızın dalınca gedər, gələr. Qız da oğlanın əzmini, iradəsini görüb razılaşar ki tanısın.

İndi hər şey fərqlidir. Qızlar tanışlıq təklif edir. Münasibəti qızlar başladır, qızlar davam etdirir. Nəticə nə olur? Kişiləşmiş bir qadın və ən pisi nədir? Oğlan münasibətdə heç bir əziyyət çəkmədən ailə qurur, ailədə də "sahib olmaq” rolunu qətiyyən qadına vermir. Qadın bütün gün kişinin nazını çəkir, onu idarə edir, onun könlünü xoş tutur, üstəlik öz istəklərini də öz ixtiyarınca yerinə yetirə bilmir qalır kişinin insafına. Öz ixtiyarını yüz faiz kişinin insafına verən bu tip qadınlar cəmiyyətdə azlıq etmir. Halbuki qadın süründürür, kişi sürünür. Allahın yaratdığı mezac belədir.

Qadın naz etməlidir, kişi naz çəkməlidir. İndi kişilər o həddə çatıb ki, naz çəkməyə etiraz edir, hətta bunu trip adlandırır və dözmür. Son zamanlar marşurutlarda bu qızbibi tipində oğlanların oturub gələn qızlara yer vermədiyini görürəm. İnsafən bəlkə yaşlı qadın gələrsə ayağa qalxırlar, ama artıq gənc xanımlara yer vermirlər. Yer vermək artıq yaş məsələsi olub. Halbuki bu ictimai təəssübkeşlik idi. Gənc xanıma daha asanlıqla sataşmaq mümkün olur. Ona görə də gərək elə birinci gənc xanımlar əyləşsin. Mən xatırlayıram ki, anam rəhmətlik basabas avtobuslarda məni oturdar özü ayaq üstə durardı. Utana-utana otururdum. Anamı anlamırdım. İndi bəzən hətta nisbətən yaşlı qadınların qızların yer verməsi ilə oturmasına heyrətlənməyə bilmirəm. 

Bu epizodu niyə yazıram, bilirsinizmi? Cəmiyyətdə kişinin bir mövqeyi var: güclü, dözümlü... Ailədəki rolu isə belədir: qurucu, yaşadıcı, qoruyucu. Bu sistem pozulanda avtomatik olaraq xaosa yol açılır. Sistemin pozulduğunu isə açıqca görürük. Qaşını alan, kombin üstünə kombin edən, əziyyət çəkməyi sevməyən, bəzək-düzəkli kişilər. Türkiyəlilərin təbirincə desək, light kişilər. Belə kişilərin yanında mütləq bir erkək Fatma görərsiniz. Azacıq söhbət edin, o qızın hər şeyi özünün etmək istəyinin, hər şeyə gücünün yetəcəyinin şahidi olacaqsınız. Ancaq o qız heç yolun yarısına çatmamış yorulacaq, çünki özünə aid olmayan yük daşımağa çalışır. Kişi də yorulacaq, çünki öz yerində deyil, başqasının yəni qadının rolunu oynayır. Başlayacaq ətrafına baxınmağa, mezacını xatırlayacaq və onu güclü, iradəli görən limanlara lövbər salacaq. Ailədaxili ağır və dərin intriqalar düşəcək, uşaqların gözü önündə anasının təhqir olunması, atadan daim şikayət olunması başlayacaq. Bu uşaqların gələcəkdə necə ağır travmalarla evlilikdən soyuyacağını düşünə bilirsinizmi? 

Başlayacaq ailə dağılmağa. Əgər uşaqlar şanslıdırsa o ata və ana boşanacaq, yox deyillərsə toksik münasibətin içində böyüyəcəklər. Hər iki tərəf ağır yükün altında əziləcək. Yanlış anlaşılmasın, ailəni dağıdan ağır yük deyil, qadın və kişinin özünə aid olmayan yükü çəkməsi ilə başlayan yükdür. Yenə vurğulayaq: insan zəhmət üçün yaranıb. Əgər kişi də qadın da özünə aid olan yükü çəkərsə sevgi-sayğının itmədiyi bir ailədə güc briliyi olar və hər şey çox asan olar. Oğlan uşaqlarının doğru tərbiyəsi olduqca vacibdir. Ana nəvazişə öyrədər. Anasından öyrəndiyi nəvazişi gələcəkdə həyat yoldaşına verəcək çünki. Ata isə sərtliyə, dözümlülüyə öyrədər. Ata evladına iradə verər, ağıl verər. Ən önəmlisi dürüstlük və mərdlik öyrədər. Atasından öyrəndiyi ilə ailəsini qoruyacaq, yaşadacaq çünki.

Ata oğlan evladının ən böyük örnəyidir. Zəhmətkeş, ailəsinə düşkün, mərd bir ata öz kimi evlad yetişdirir. Yoxsa uşağının gözü önündə anasını təhqir edən bir atadan uşağının nə öyrənəcəyini düşünə bilmirəm. Dəhşətlisi isə odur ki, qız evladlar da atalarının analarına davranışından çox şey öyrənirlər. Məşhur bir söz var: kürəkəninin qızına necə davranmasını istəyirsənsə, anasına elə davran. Cəmiyyətdə tərbiyə məsələləri getdikcə ağır problemə çevrilir. Ənənəni unutduqca tərbiyə metodlarımızı dəyişirik və çox ağır xaoslara yol açırıq. Artıq uşaqlarımız üçün saçımızı süpürgə edib onları zəhmətə alışdırmırıq. Bu da öz ağır nəticələrini göstərməyə başlayıb. 

Aynur Qəzənfərqızı

Folklorşünas alim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
42
qaynarinfo.az

10Mənbələr