AZ

“Azərbaycan Türkiyə ilə birgə hərəkət etməlidir” Deputat Rusiyanın hücumu barədə

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Rusiya hazırda Ukraynada öz hərbi cinayətlərini davam etdirir. Mülki əhalini, o cümlədən qadınları, uşaqları qətlə yetirir. Bununla yanaşı, Rusiya Ukraynanı enerji qıtlığına düçar etmək istəyir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə Rusiyanın Ukraynada Azərbaycana məxsus enerji obyektlərinə hücumları ilə bağlı danışarkən deyib.

Deputat xatırladıb ki, Ukraynaya enerji təzhizatı SOCAR-a məxsus neft bazaları vasitəsilə həyata keçirilir:

“Ona görə Rusiya SOCAR-a məxsus obyektləri vurur, özünün amansız hərbi cinayətlərini davam etdirir. Bunun qarşısını almaq üçün dünya biləşməli və Rusiyanı dayandırmalıdır. Çünki Rusiyanı Ukraynada dayandırmasalar, bu cinayətlər digər post-sovet ölkələrinə qarşı, Avropaya qarşı da davam etdiriləcək. Rusiya Amerika Birləşmiş Ştatları, Avropa ölkələri tərəfindən çox ciddi təzyiqlər göstərilməklə dayandırılmalıdır. Əks halda, bu cinayətlər genişlənəcək”.

Azərbaycanın bununla bağlı hansı addımları ata biləcəyinə gəlincə, A.Mollazadə hesab edir ki, Bakı özünün hərbi müttəfiqi Türkiyə ilə birgə hərəkət etməli, birgə qərarlar qəbul etməlidir:

“Çünki bilirsiniz ki, “Şuşa Bəyannaməsi” iki ölkəni hərbi müttəfiqə çevirib və Azərbaycana olan hər hansı təzyiq eyni zamanda Türkiyəyə qarşı təzyiq kimi qəbul edilməlidir. Biz bu proseslərdə birgə hərəkət etməliyik”.

Rusiyadan Azərbaycana qarşı hansı təhlükələrin ola biləcəyinə də toxunan deputat söyləyib ki, Rusiyanın insanlığa qarşı cinayətləri hamı üçün təhlükədir:

“Hər bir ölkəyə, hər bir insana qarşı bu təhlükə mövcuddur. Və bu təhlükədən hal-hazırda heç kim sığortalanmayıb. Bununla yanaşı, xatırlatmaq istəyirəm ki, Rusiya dünyaya qarşı nüvə şantajını da davam etdirir. Nüvə silahları ilə dünyanı şantaj edir”.

Azərbaycanın Ukraynaya qoyduğu silah embarqosunu yenidən nəzərdən keçirə biləcəyinə dair fikirlərə də toxunan deputat söyləyib ki, Azərbaycan bu proseslərdə öz hərbi müttəfiqi ilə birgə hərəkət etməlidir.

Qeyd edək ki, ötən gecə Odessa vilayətində SOCAR-a məxsus neft bazası növbəti dəfə Rusiya tərəfindən İranın “Şahed” tipli PUA-ları ilə hücuma məruz qalıb. Nəticədə güclü yanğın baş verib, 17 yanacaq çəni, nasosxana, operator otaqları və texniki binalar ciddi zərər görüb. Bundan əvvəl avqustun 8-də Rusiya Odessada SOCAR-a məxsus neft bazasına hücum edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
27
525.az

10Mənbələr