AZ

Trampın məyusluğu - ABŞ prezidenrti Ukraynada sülh təşəbbüsünü dayandırır...

ABŞ prezidenti  Ukraynada sülh təşəbbüsünə iki həftəlik fasilə elan etdi - Moskva ilə kompromis görünmür, ya sanksiyalar, ya tariflər, ya da bu sizin müharibənizdir...

The Washington Post

Prezident Donald Tramp Ukraynada sülh sazişi əldə etmək üçün aktiv cəhdlərdən bu mərhələdə kənara çəkildiyini bildirib. Onun sözlərinə görə, itkilərin artması və tərəflərin mövqelərinin yaxınlaşmaması yaxın perspektivdə irəliləyiş üçün əsas vermir. “Bu müharibədə məni qane edən heç nə yoxdur. Heç nə. Tamamilə razı deyiləm”, — deyə o, Oval kabinetdə jurnalistlərə söyləyib.

Tramp əlavə edib ki, “iki həftə ərzində” növbəti addımlarla bağlı mühüm qərar qəbul edəcək. Bu ifadədən o, adətən dəqiq tarix yox, təxirə salınmış qərar nəzərdə tutmaq üçün istifadə edir. “Biz anlayacağıq, hansı istiqamətə gedəcəyəm, çünki istənilən halda iki yoldan birini seçəcəyəm”, — deyə prezident vurğulayıb.

Əminlikdən fasiləyə

Bir müddət əvvəl Tramp Kiyevə “təhlükəsizlik zəmanətləri”ni tezliklə təmin edə biləcəyinə və Vladimir Putinlə Vladimir Zelenskinin görüşünü təşkil edəcəyinə əminlik nümayiş etdirirdi. Bu həftə isə ritorika dəyişib: “müharibəyə tez son qoyacağı” vədlərindən liderləri bir masa arxasında əyləşdirməyin mümkün olub-olmayacağına dair şübhələrə keçib.

Administrasiyadakı mənbələrin sözlərinə görə, Tramp danışıqlar prosesinin sürətləndirilməsinə ciddi siyasi vaxt sərf edib: bir həftə əvvəl Alyaskada Putinlə sammit keçirib, bazar ertəsi isə Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşüb. Lakin real irəliləyiş olmayıb: Moskva Ukraynaya hücumların dayandırılması ilə bağlı təklifləri rədd edir və maksimalist hədəflərindən kənara çıxan heç bir sülh parametrlərinə razılaşmır. Vaşinqtondakı müşahidəçilərin fikrincə, Ağ Ev Kremlin kompromisə hazırlığını həddindən artıq qiymətləndirib.

“Putinə vaxt verəcəyəm və kim günahkardır sualına qayıdacam”

Tramp hazırda “Putinə vaxt verdiyini” deyir — Kreml başçısının Zelenski ilə şəxsi görüşə hazır olub-olmadığını müəyyən etmək üçün. Ağ Evə görə, prezident Moskvanın bu formatı nəzərdən keçirməyə ilkin razılığını alıb. Lakin Rusiya rəsmiləri ardıcıl olaraq Putinin belə addıma gedəcəyini mümkünsüz sayır: çünki Zelenski ilə birbaşa söhbət onu müstəqil dövlətin legitim lideri kimi qəbul etmək demək olardı, Kreml isə bunu istəmir.

Əgər görüş baş tutmasa, Tramp “kimin günahkar olduğunu” müəyyənləşdirəcəyini vəd edir. Rusiyanın Ukraynaya davamlı zərbələri barədə suala cavab verərkən o, vəziyyətdə “iki aktyorun” olduğunu vurğulayıb, günahı yalnız bir tərəfə yükləməkdən yayınaraq.

Qərar variantları: sanksiyalar, tariflər — ya da “bu sizin müharibənizdir”
Prezident Moskvaya qarşı sərt iqtisadi addımları — yeni sanksiyalar, tariflər və ya onların birləşməsini istisna etməyib. “Bu çox mühüm qərar olacaq… Ya genişmiqyaslı sanksiyalar, ya genişmiqyaslı tariflər, ya da hər ikisi. Yaxud heç nə etmirik və deyirik: ‘Bu sizin müharibənizdir’”, — deyə o bəyan edib.

Daha əvvəl Tramp Rusiya nefti alan ölkələrə qarşı ciddi ikinci dərəcəli sanksiyalar və atəşkəsdən imtina ediləcəyi təqdirdə Rusiyanın özünə əlavə məhdudiyyətlər tətbiq etməklə hədələyirdi. Lakin Alyaska sammiti ərəfəsində nə dəqiq ultimatum, nə də atəşkəs tələbi səsləndirdi. Bununla belə, artıq tarif tədbirlərinə əl atıb — Hindistana qarşı, Rusiyadan neft alışı səbəbindən.

Avropanın ağır işi 0 Zəmanətləri reallığa çevirmək...

Prezidentin tez nəticələr gözləməsi Avropa ölkələrinin hərbçi və diplomatlarının apardığı uzunmüddətli işlə ziddiyyət təşkil edir. Onlar “Ukraynaya təhlükəsizlik zəmanətləri” üzrə siyasi razılaşmaları praktiki formata — konkret iştirak mexanizmlərinə, təlim, texnika və təchizata çevirməyə çalışırlar.

Moskva isə NATO ölkələrinin hərbçilərinin Ukrayna ərazisində mövcudluğunu qəti şəkildə rədd edir — Tramp Avropalılarla görüşdən sonra məhz bu formatı zəmanət kimi irəli sürmüşdü. Buna baxmayaraq, Avropa paytaxtları Kiyevlə və öz aralarında paket zəmanətlərin məzmununu müzakirə etməyə davam edirlər. Cümə günü NATO baş katibi Mark Rütte Kiyevdə Zelenski və Ukrayna rəhbərliyi ilə görüşlər keçirib.

Moskvaya siqnallar və Ankoric fotoşəkli

Trampın Putinə dair cümə günü şərhləri ziddiyyətli alınıb. Bir tərəfdən, o, şəxsi diplomatiya meylini yenidən göstərib: Ankoricdə rusiyalı liderlə çəkilmiş fotonu nümayiş etdirib və həmin şəkli guya şəxsən Putinin göndərdiyini deyib. “Mən düşündüm ki, bu, onun yaxşı fotosudur — mənimki də pis deyil… Deməli, mənə göndərməsi çox xoş bir jest idi”, — deyə Tramp Oval kabinetdəki “Resolute” masasından fotonu qaldıraraq bildirib. O, həmçinin ehtimal edib ki, Putin 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatında ola bilər; ABŞ isə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır — həmin məhkəmə Putinə hərbi cinayətlərdə ittiham irəli sürüb.

Digər tərəfdən, Tramp Ukraynada amerikalı şirkətə zərər vuran hücumdan sonra Moskvaya sərt siqnal verdiyini iddia edib. Zelenskinin sözlərinə görə, hücum 600-ə yaxın dron və 40 raketi əhatə edib və “Rusiyanın sülhə marağının olmadığını aydın göstərib”. Tramp isə yekun olaraq bildirib: “Görəcəyik, nə baş verəcək. Mən deyirəm: yaxın iki həftə ərzində hər şeyin hansı istiqamətə dönəcəyini biləcəyik. Və nəticədən çox razı qalmalıyam”.

Kiyevə şərtsiz dəstək yoxdur - Tanqo ikilikdə oynanılır...

Prezident Zelenskiyə şərtsiz dəstək verməkdən də çəkinib və “tanqo ikilikdə oynanılır” deyə vurğulayıb. O, Ukrayna məsələsinin digər münaqişələrdən daha mürəkkəb olduğunu etiraf edib: keçən həftə “altı həll edilmiş böhran” barədə danışarkən, indi artıq “on” böhrandan söz açıb — onların üçü “qabaqlayıcı şəkildə qarşısı alınmış müharibələr”dir. “Düşünürdüm ki, çətinlik dərəcəsinə görə bu məsələ hardasa ortada olar”, — deyə Tramp təəssüfünü bildirib.

Növbəti “iki həftə” ərzində Ağ Ev faktiki olaraq Ukrayna nizamlanmasını pauzaya qoyur, qərarı isə Kremlə buraxır — Kiyevlə birbaşa təmasa gedib-getməmək məsələsində. Vaşinqton isə öz “variantlar dəstini” hazırlayır: genişmiqyaslı sanksiyalar və tariflərdən tutmuş aktiv iştirakdan imtinaya qədər — “bu sizin müharibənizdir” şüarı altında. Amerikalı müşahidəçilərin qeyd etdiyinə görə, bu fasilənin nəticəsi Moskvadan gələcək ən azı minimal simvolik addımlardan və ABŞ-ın onların yoxluğunda iqtisadi eskalasiyaya nə qədər hazır olmasından asılı olacaq.

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Seçilən
238
50
poliqon.info

10Mənbələr