AZ

"Sədərək" ticarət mərkəzində yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib- Video - Yenilənib

24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.Bu barədə TƏBİB-dən bildirilib.

Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

***

"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.Bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

“Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub”, - o bildirib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

13:30

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.

Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

***

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***

“Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. 

DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

 

Seçilən
31
5
anews.az

10Mənbələr