AZ

Xocalının Ballıca kənd sakinlərinə sertifikatlar verilib

Xocalı rayonunun Ballıca kəndinə qayıdan keçmiş məcburi köçkünlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmaları üçün yeni imkanlar yaradılır. Artıq kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sakinlərin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maarifləndirici təlimlər keçirilib. Onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib. Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub.

Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Ballıca və Xanyurdu kəndlərində, ümumilikdə, 552 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək.

Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər.

Qeyd edək ki, bugünədək Ballıca kəndinin 123 sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib.

Seçilən
11
24
xalqqazeti.az

10Mənbələr