Ev dustağlığında olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sabiq sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev barəsində məhkəmə yeni qərar qəbul edib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus 194 min manatı mənimsəməkdə ittiham edilən keçmiş məmurlarla bağlı məhkəmədə mülki iddia qaldırılıb.
İddiada götərilir ki, keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilən 194692,09 manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484,69 manat təqsirləndirilən şəxslərdən tutularaq Bakı Telefon Rabitəsi MMC-yə ödənilsin.
Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsi sabiq sədrə qarşı irəli sürülən iddianın əsassız olduğunu bildirib və bu vəsaitin mənimsənilməsinə görə Rəşad Babayevi günahlandırıb. Onun sözlərinə görə, tələb edilən bütün məbləğ Rəşad Babayev tərəfindən mənimsənilib. Bildirib ki, İsrafil Bəkirovun günahı işdə boşluqlara yol verməsi olub və buna görə məsuliyyət daşıyır: "İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olub və o, hazırda da cəzasını çəkir".
Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsinin müdafiə çıxışı qəbul olunmayıb.
Məhkəmənin hökmü ilə İsrafil Bəkirov və Rəşad Babayevdən 194692,09 manat məbləğində maddi ziyan və 484,69 manat dövlət rüsumunun əvəzi tutulacaq.