AZ

Məhkəmədə elan olunan ifadələrlə Ermənistanın işğalçılıq siyasəti bir daha təsdiqləndi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 1-də davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunduğunu bildirib.

Q.Martirosyan yeni müdafiəçinin təyinatına etiraz etməyib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Davit İşxanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan ibtidai istintaqa ifadəsində bildirib ki, “batalyon komandiri” olduğu dövrdə vəzifəsi Xocavənd rayonunun 8 kəndinin ərazilərindəki “kəndləri qorumaq”dan və döyüş əməliyyatlarında iştirak etməkdən ibarət olub, sonrakı dövrdə isə bir “vəzifəli şəxs” kimi “vəzifələri” çərçivəsində “idarəçilikdə” iştirak edib.

O, 1992-ci il sentyabrın 10-dan xidmətə çağırılaraq qondarma rejim uğrunda mübarizə dəstəsinin tərkibindəki silahlı qüvvələrin sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüb.

Ümumilikdə rəhbərlik etdiyi batalyon Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdam rayonlarının işğalında iştirak edib. İbtidai istintaqa ifadəsində bildirib ki, döyüşlər zamanı istifadə edilmiş bütün silah-sursat Ermənistan Respublikasının ərazisindən Xankəndi şəhərinə gətirilib və oradan korpuslara paylanılıb.

Məhkəmə iclasında təqdim edilən materiallarla sübuta yetirilib ki, Davit İşxanyan cinayətkar birlikdə fəaliyyətinin olmadığını qeyd etsə də, ali təhsil aldığı müddətdə tələbələr birliyinə qoşularaq “Miatsum” və “Krunk” təşkilatlarının mitinqlərinə qatılıb, hətta 1992-ci ilədək Xankəndi şəhərində və Xocavənd rayonunda yaradılmış postlarda silahlı şəkildə xidmət aparıb. Cinayətkar həmçinin Azərbaycan Respublikasına qarşı müharibədə iştirak edib.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər oxunub.

O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabrında qondarma rejimin “ordusu”nda tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb və müxtəlif vəzifələrə təyin olunub. 2007-ci ilin may ayından 2012-ci ilin noyabrınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun aylarınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun aylarından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç yerdə işləməyib.

Seçilən
3
36
publika.az

10Mənbələr