1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Baku TV-də jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Əhalisi SSRİ-nin xüsusi qərarı ilə köçürülən kənd" adlı süjet hazırlanıb.
Bu süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycanda uzun zamanların sınağından çıxmış ənənələrin, qədim toponimlərin mövcudluğu danılmaz fakt olmaqla yanaşı, millətimizin tarixinin formalaşmasında mühüm rol oynayıb.
Aşağı Novruzlu - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə yaşayan azərbaycanlılar SSRİ Nazirlər Sovetinin qərarı ilə 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülüblər.
Aşağı Pirtikan - Talin mahalının Talin rayonunda kənd olub. Kəndin digər adı Türk Pirtikarı/Pirtikan Türk olub. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunub və Turkiyədən köçürülən ermənilər burada yerləşdiriliblər. 1940-cı ildə kəndin adı dəyişdirilib Zoragyuğ qoyulub.
Aşağı Talin - Talin mahalının Talin rayonunda kənd adıdır. Kəndin digər adı "Türk Tatar Talini" olub. Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilib. 1918-ci ildə kənd sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunub və buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilib. 1978-ci ildə adı dəyişdirilib Nerkin Talin qoyulub.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycan torpaqlarında baş verən bu toponim dəyişiklikləri sadəcə adların dəyişdirilməsi deyil, bir xalqın tarixinin, mədəniyyətinin və varlığının sistemli şəkildə silinməsi cəhdidir: "Lakin tarixi faktlar və sənədlər Azərbaycan xalqının bu torpaqlardakı minillik varlığını sübut edir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.