Kiyev, 7 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Ukrayna şəhərlərinə endirdiyi yeni zərbələr Kremlin şüurlu cinayəti və müharibəni uzatmaq cəhdidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb.
“Çoxdan real diplomatiyanın başlaya biləcəyi bir vaxtda bu gün baş verən bu qətllər Kremlin şüurlu cinayətidir və müharibənin uzadılmasıdır”, – deyə paylaşımda bildirilir.
Dövlət başçısı xatırladıb ki, Vaşinqtonda dəfələrlə danışıqlardan imtina olunacağı təqdirdə mümkün sanksiyalar barədə bəyanatlar səslənib. O, həmçinin Parisdə əldə edilmiş bütün razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Zelenski qeyd edib ki, Ukrayna hava hücumundan müdafiənin gücləndirilməsi ilə bağlı bütün qərarların həyata keçiriləcəyinə ümid edir. “Çünki hər əlavə sistem mülki şəxsləri bu alçaq hücumlardan qoruyur”, – deyə o əlavə edib.
“Dünya Kremlin cinayətkarlarını qətlləri dayandırmağa məcbur edə bilər, sadəcə, siyasi iradə lazımdır. Kömək edən hər kəsə təşəkkür edirəm”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Xatırladaq ki, ötən gecə Rusiya Ukrayna şəhərlərinə güclü zərbələr endirib. Gecə ərzində 800-dən çox zərbə PUA-sı və müxtəlif tipli raketlər buraxılıb. Hücumlara Kremençuk, Dnepr, Odessa, Kiyev, Krivoy Roq və bir sıra digər şəhərlər məruz qalıb.
Bundan əlavə, Zelenski bir neçə rus dronunun Ukrayna-Belarus sərhədini keçdiyini bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev