AZ

AFFA-dan möhtəşəm qərar - Keçmiş uğurların kölgəsindən çıxırıq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nəhayət! Azərbaycan futbol ictimaiyyəti uzun müddətdir gözlədiyi xəbəri aldı. Fernandu Santuşla yollar qarşılıqlı razılaşma əsasında ayrıldı. İctimai rəy birmənalıdır: AFFA düzgün qərar verdi.
Əslində, bu ayrılıq gecikmişdi. Amma deyirlər axı, "gec də olsa, ədalət yerini tapar". Santuşun qovulması qərarı media platformalarında da böyük rəğbətlə qarşılandı.
Tanınmış ad, tanınmamış ideyalar
Bəli, kağız üzərində Fernandu Santuş heyrətamiz karyeraya sahib idi: Portuqaliya ilə Avropa çempionu, UEFA Millətlər Liqası qalibi. Amma nə faydası? Azərbaycana gəldikdən sonra bu uğurlardan əsər-əlamət qalmadı. Onun gətirdiyi "təcrübə" yalnız oyundankənar bəhanələrdə və mətbuat konfranslarında eşidilən "zaman lazımdır" cümləsində özünü göstərdi.
Meydanda isə xaotik futbol, ideyasız hücumlar, başıpozuq taktika, psixoloji olaraq dağılmış futbolçular və bir-birini anlamayan bir kollektiv. Açığı, Azərbaycan millisi tarixində bu qədər ruhsuz bir dönəm çox az yaşanıb.
AFFA-dan soyuqqanlı yanaşma
AFFA rəhbərliyi, xüsusilə də baş katib Cahangir Fərəcullayevin bu məsələni obyektiv və soyuqqanlı şəkildə idarə etməsi təqdirəlayiqdir. Futbolda bəzən təkcə nəticələr deyil, ümumi mənzərə, gələcəyə inam da həlledici olur. Santuş nəinki nəticə verə bilmədi, ümumiyyətlə, heç bir perspektiv vəd etmədi. Əvvəllər AFFA hansı məşqçini gətirsə, dərhal tənqid olunurdu. Amma bu dəfə cəmiyyət yekdilliklə razı qaldı. Santuşla vidalaşmaq AFFA-nın imicinə zərbə vurmadı, əksinə, rəğbət gətirdi. İnsanlar gördülər ki, qurum vaxtında müdaxilə edir və problemi görməzdən gəlmir.
Santuşdan geriyə nə qaldı?
Deyə bilərik ki, Santuş Azərbaycana ancaq keçmiş uğurlarının kölgəsini gətirdi. Komandada sistem yaratmadı, gənclərə etimad göstərmədi, futbolçularla ünsiyyət qura bilmədi, nə də oyun fəlsəfəsini oturda bildi. Hətta Santuşun dövrünü Azərbaycan futbolu adına qara ləkə olaraq da qeyd edə bilərik.
İlk dəfə UEFA Millətlər Liqasının D liqasına yuvarlandıq. 11 oyunda doqquz məğlubiyyət və iki heç-heçə ilə antirekorda imza atdı. Yeni gələcək baş məşqçi üçün ağır zərbə almış bir milli komanda miras qoyaraq getdi. Üstəlik, bir neçə mətbuat konfransında verdiyi kobud və laqeyd açıqlamalar ictimai rəyi onun əleyhinə çevirdi. Sonda isə bütün bu narazılıq AFFA-nın masasına qoyuldu və qəti qərar verildi.
Nəticə: Bir səhifə bağlandı, yenisi açıldı
Fernandu Santuşla yolların ayrılması - Azərbaycan futbolu üçün gecikmiş, amma müsbət dönüş nöqtəsidir. Bu ayrılıqla birlikdə AFFA həm ictimai etimadı möhkəmləndirdi, həm də komandanı yeni mərhələyə hazırlamaq üçün vaxt qazandı.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyuna U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Bu addım təkcə texniki yox, həm də psixoloji cəhətdən doğru strategiyadır. Abbasov futbolçuları tanıyır, yerli reallığı bilir, ünsiyyətcil və enerjili məşqçidir. Ən əsası isə - o, Azərbaycan futbolunun içindən gəlir. Qısamüddətli olsa belə, bu keçid dönəmi bizim üçün mühüm olacaq.
İndi hər kəsin gözləntisi birdir: Ruhlu, sistemli və milli dəyərlərə uyğun bir komandanın qurulması. Santuş dövründə bunların heç biri yox idi. AFFA bu səhifəni bağladı - indi ümid, plan və əməl zamanıdır.
Anar Həsənov
Seçilən
41
50
oxu.az

10Mənbələr