AZ

Arayik Arutyunyan və digərlərinin məhkəmə işi: yeni sənədlər elan olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 11-də davam etdirilib.

KONKREkT.az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub.

Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində bir neçə nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərinin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.

Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlifkalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Vəli Məmməd oğlu Zeynalov avtomat silahla qətlə yetirilib.

Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.

Elan olunan digər sənədlər 1990-cı ilin mart ayında Sədərəyə hücum edilməsi, Şuşada Ağalarov Əşrəf Salman oğlunun girov götürülməsi, aprelin 25-də Babək rayonu Gərməçataq kəndini düşmənin odlu silahdan atəşə tutması, nəticədə müxtəlif şəxslərin xəsarət alması, iyunun 13-də Əsgəran rayonunun Badara kəndində avtomobil karvanının atəşə tutulması, nəticədə yaralananların olması faktları ilə bağlı olub.

Gədəbəy rayonunun Göyəlli kəndinə silahlı hücum edilməsi nəticəsində isə İsmayıl Mustafa oğlu Nuriyev, Mədəd Şəmil oğlu Nağıyev və İbrahim Şəmil oğlu Orucov öldürülüb, İlham Tahir oğlu İsmayılov döyüldükdən sonra girov götürülərək Ermənistana aparılıb. O, girovluqda 21 gün saxlanılıb.

Bundan başqa, Dönməz Soltan oğlu Əzizovun, Şamo Məhəddin oğlu Çobanovun, Səhər Müslüm qızı Əsgərovanın, İlham Müzəffər oğlu Əliyevin öldürülmələri, Eldar Şahmar oğlu Əliyevin girov götürülməsi, Razi Mehdi oğlu Talışovun yaralanması faktları üzrə sənədlər elan edilib.

1990-cı il avqustun 17-də Fazil Əli oğlu Mehtiyevin öldürülməsi zamanı daha iki nəfər – Viktor Əli oğlu Həsənov və Kəmaləddin Mustafa oğlu Eminov yaralanıb. Sənədlərə əsasən, yaralanmış şəxslər ifadələrində onlara atəş açan şəxslərin üç nəfər üzü saqqallı hərbçi olduğunu, bir-biriləri ilə erməni dilində danışdıqlarını deyiblər.

Elan olunan növbəti sənədlər Faqət Mirzalı oğlu Mustafayevin, Məmməd Əli oğlu Məmmədovun, Yunis Əli oğlu Quliyevin, Ülfət Mansır oğlu Qarayevin, Tanrıverdi Abdulla oğlu Nağıyevin, Hümbət Allahverdi oğlu Poladovun, Elçin Yolçu oğlu Namazovun, Etibar Cəbrayıl oğlu Əliyevin və Gündüz Səməd oğlu Rəhimovun xəsarət almaları ilə bağlı olub.

Növbəti sənəddə QAZ-52 markalı avtomobilə silahlı hücum edilməsi faktından bəhs edilib. Laçında baş vermiş hadisə zamanı yerli sakinlər – Elman və Xanoğlan Süleymanov qardaşları qətlə yetirilib, onların qardaşı Elxan Süleymanov isə yaralanıb.

Digər sənədlər 1990-cı il sentyabrın 15-də Xankəndi şəhərində televiziya və radio verilişləri yayımı binasında partlayış törədilməsi, oktyabrın 14-də Xankəndi dəmiryol stansiyasında sərnişin vaqonunun partladılması, sentyabrın 11-də Xocavənd rayonunun Xocavənd kəndinin atəşə tutulması, Ağdam-Füzuli avtomobil yolunun 57-ci kilometrliyində körpünün partladılması, Kərcivan-Astazur-Naxçıvan stansiyalarının dağıdılması, Əliyev Möhbalı Niyaz oğlunun, Məmmədov Rasim Xasay oğlunun, Məmmədov Adil Həmzə oğlunun, Cavadov Əhməd Əliş oğlunun, Hacıyev İmamverdi Həsən oğlunun öldürülməsi, Məmmədov Şakir İngilis oğlunun girov götürülməsi faktları ilə bağlı olub.

Elan olunan növbəti sənəd isə 1990-cı il noyabrın 30-da Xankəndi şəhəri yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinin Xocalı hava limanında növbəyə çıxmaq üçün avtobusla gedərkən keçdikləri körpünün partladılması və avtobusun atəşə tutulması ilə bağlı olub. Hadisə zamanı kiçik çavuş Rafiq Yunusov yaralanıb. Sənədlərə əsasən, təqsirləndirilən şəxs Babayan Samvel Andronikoviç ifadələrində avtobusun keçdiyi yolun “Qaqo” ləqəbli erməninin dəstəsinin partlatdığını bildirib.

Həmin gün Xanlar (indiki Göygöl) rayon daxili işlər şöbəsinin əməkdaşlarının həyatına sui-qəsd edilməsi hadisəsi də baş verib. Bildirilib ki, hadisə zamanı xidməti vəzifələrini icra edən bir neçə nəfər sahə inspektoru hadisə yerində ölüb, bir neçə nəfərə ağır bədən xəsarəti yetirilib, 1 nəfər itkin düşüb.

Elan olunan növbəti sənəd oktyabrın 22-də Əsgəran rayonunda UAZ markalı avtomobilin sürücüsü Elxan Sevindik oğlu Quliyev, sərnişinlər – Qələmzər Ələkbər qızı Hacıyeva və onun 12 yaşlı övladı – Elşən İbrahim oğlu Hacıyevin girov götürülməsi faktı ilə bağlı olub.

Salatın Əziz qızı Əsgərovanın və digərlərinin öldürülmələri faktı üzrə sənədlər də elan edilib. Bildirilib ki, 1991-ci il yanvarın 9-da “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əziz qızı Əsgərova və sovet ordusunun hərbi qulluqçuları – polkovnik-leytenant Larionov Oleq Mixailoviç, Laçın rayon hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Mixailoviç və serjant Qoyek İvan İvanoviç UAZ-469 markalı, 30-14НБ dövlət qeydiyyat nişanlı avtomobillə (avtomobili İvan Qoyek idarə edib) Yevlax-Laçın avtomobil yolunun 141-ci kilometrliyində yerləşən körpünün üzərindən keçərkən avtomobil ermənilər tərəfindən atəşə tutulub. Hadisə zamanı adları çəkilən şəxslərin hamısı qəsdən öldürülüb.

Məhkəmə prosesi sentyabrın 12-də davam etdiriləcək.

Seçilən
11
41
konkret.az

10Mənbələr