AZ

Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir - VİDEO - FOTO

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik əməliyyat uğurla həyata keçirilib. Bu hadisə ölkə səhiyyəsi üçün yeni, böyük perspektivlər vəd edən inqilabi mərhələnin başlanğıcı hesab olunur.

Çin Xalq Respublikasının "Kangduo" şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə "Kangduo" şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.

İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laporoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub.

Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev həyata keçirilən fəaliyyətlər, elmi-tədqiqat işlərinin gedişatı və nanotexnologiyanın yeni nailiyyətlərinin tətbiqi ilə bağlı geniş məlumat verib.

Qeyd edilib ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək, onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər.

Bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent indi yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından asılı deyil - o, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər. Bu, tibbin gələcəyi deyil, artıq bu günün reallığıdır.

Hazırda Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin keçirilməsi və ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

Robot-assistentli cərrahiyyə prosesi ilə tanışlıqdan sonra səhiyyə naziri Teymur Musayev bildirib ki, Milli Onkologiya Mərkəzində ölkə səhiyyəsində növbəti mühüm bir ilkə imza atılıb. Onun sözlərinə görə, müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir: "Bu gün yüksək standartlara cavab verən əməliyyatxanada ən müasir avadanlıqla icra olunan bir əməliyyat prosesinin şahidi olduq. Bu münasibətlə başda akademik Cəmil Əliyev olmaqla Milli Onkologiya Mərkəzinin kollektivini ölkəmizin səhiyyəsi üçün atılan böyük addım münasibətilə səmimi qəlbdən təbrik edirəm".

Nazir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda səhiyyə sahəsinə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində ən yüksək texnologiyalı müalicə üsullarının ölkə vətəndaşları üçün tətbiqi mümkün olub: "İnsan faktoru daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının sağlamlığı, onun sosial rifahı dayanır. Bu baxımdan da bugünkü əməliyyat yeniliyə doğru atılan bir addımdır. Bundan sonra belə diaqnoz qoyulan ölkə vətəndaşlarımız demək olar ki dünyada qabaqcıl texnologiya, ən müasir müalicə üsulu olan bu kimi əməliyyatların tətbiqi nəticəsində öz sağlamlıqlarına çox qısa bir müddətdə qovuşa biləcəklər. Robotik cərrahiyyə müasir tibbin ən yüksək texnologiya tətbiq edilən bir sahəsidir. Təbii ki, bu sahədə milli kadrların hazırlanması böyük əhəmiyyət kəsb edir. Biz əminik ki, Milli Onkologiya Mərkəzi artıq bu sahədə mütəxəssislərin hazırlanmasının ocağına çevriləcək. Yeri gəlmişkən, qeyd edim ki, mərhələli şəkildə digər tibb müəssisələrində də bu üsulun tətbiqi nəzərdə tutulur".

Nazir bildirib ki, bu gün pasiyent üzərində icra edilən əməliyyatı izləmək onun üçün xüsusi əhəmiyyət kəsb edir. "Mən özüm də ixtisasca uroloqam. Robotik cərrahiyyə baxımından müxtəlif təkmilləşdirmə kurslarında da iştirak etmişəm. Bu gün pasiyent üzərində icra olunan əməliyyat radikal prostatektomiyadır. Bu metodun tətbiqi ilə belə bir əməliyyatın həyata keçirilməsi ən az travmatik və orqan qoruyucu üsul hesab olunur. Pasiyentlər bu əməliyyatdan sonra çox qısa bir müddətdə normal həyata qayıda bilirlər. Bu, səhiyyəmiz üçün çox qürurverici hadisə və fərəh hissi yaradan məsələdir. Çox yaxşı haldır ki, radikal prostatektomiya əməliyyatlarında da robotik cərrahiyyə üsulunun tətbiqinə başlanılıb. Əməliyyatı icra edən bütün komanda yüksək ixtisaslı mütəxəssislərdir və onlar müvafiq hazırlıq kursu keçiblər. İnanıram ki, qısa bir müddətdə bu sahə üzrə digər mərkəzlərin mütəxəssislərinin də Milli Onkologiya Mərkəzində hazırlanması həyata keçiriləcək".

Seçilən
18
21
milli.az

10Mənbələr