AZ

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi

Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tamaşaçıların alqış sədaları ilə iştirakçı ölkələrin idmançıları arenaya daxil olublar.

Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədr müavini Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov qonaqları qədim Azərbaycan torpağı olan Gəncə şəhərində görməkdən məmnun olduqlarını bildirib:

"Açılışı Gəncə stadionunda keçirilən III MDB Oyunları idman əməkdaşlığının inkişafına, gənclərin sağlam həyat tərzinə həvəsləndirilməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. İdmana göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Şəhərlərimiz III MDB Oyunlarını qəbul etmək üçün tam hazırdır".

Ardınca MDB baş katibinin müavini Nurlan Seyitimov çıxış edərək hər kəsi salamlayıb. O, III MDB Oyunlarının xalqların idman birliyinin parlaq rəmzinə çevrildiyini söyləyib:

"Bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahəsində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir".

Daha sonra andiçmə mərasimi üçün səhnəyə Azərbaycanın çövkən millisinin kapitanı Elçin Camallı, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Əsgərxan Novruzov və bədii gimnastika yarışları üzrə hakim Ləman Cəbrayılova dəvət edilib. Onlar yarışın şəffaf şəkildə keçiriləcəyinə and içiblər.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.

***

Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilir.

Tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak edirlər.

Açılış paradında Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.//Report

Seçilən
20
6
musavat.com

10Mənbələr