AZ

Trampın Qəzza üzrə sülh planı dərc edilib

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişəyə son qoymaq məqsədi daşıyan 20 bəndlik tamformatlı sülh planını açıqlayıb.

Operativ Media xəbər verir ki, plana əsasən, dərhal atəşkəs elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır.

Əvəzində isə girovların azad olunması nəzərdə tutulur.

Sənədə görə, İsrail təklifi qəbul etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək.

"Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 1 700 mülki sakini təhvil verməlidir", – sənəddə qeyd olunur.

Bununla yanaşı, ABŞ-nin beynəlxalq tərəfdaşlarla birlikdə Qəzza üçün müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrini yaratmaq üçün əməkdaşlıq edəcəyi vurğulanır. Trampın planında, həmçinin bölgədə iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə tutulur.

Sənədə silahı yerə qoyub dinc yanaşı yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və digər qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada iştirak etməməlidirlər.

Qəzzaya nəzarət müvəqqəti olaraq texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ Prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək.

Plan Qəzzanın İsrail tərəfindən işğalını və ya ilhaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir.

Seçilən
3
36
operativmedia.az

10Mənbələr