Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Rusiya yığmasına qarşı keçiriləcək final oyunu öncəsi fikirlərini bildirib.
"Unikal" xəbər verir ki, baş məşqçi komandanın həlledici görüşə hazır olduğunu deyib. Mütəxəssis qeyd edib ki, turnirə gələrkən məqsəd əvvəlcə finala yüksəlmək, ardından çempion olmaq idi:
"Finala vəsiqə qazanmaqla minimum hədəfə çatmışıq. Sabahkı oyun bizim üçün çox önəmlidir. Komandamız final matçına hazırdır. Rusiya yığmasının qrupda keçirdiyi hər iki oyunu təhlil etmişik, güclü və zəif cəhətlərini bilirik. Nə qədər çətin olsa da, finalda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün daha aqressiv, istəkli olmaq lazımdır. Finalda favorit olmur, komandaların şansları bərabərdir”.
Aqil Nəbiyev azarkeş dəstəyinin finalda həlledici ola biləcəyini vurğulayıb: “Sabahkı qarşılaşmada komandamızı qələbəyə səsləyəcək azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, azarkeşlərimiz sabah bizim yanımızda olacaqlar. Gənc komandayıq, futbolçulara dəstək, motivasiya lazımdır. Ümid edirəm ki, final görüşünü dolu tribunalar önündə keçirəcəyik”.
Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan (U-16) – Rusiya (U-16) matçı saat 14:00-da başlanacaq.