Yaxın Şərqdə onilliklərdir davam edən qarşıdurmaya son qoyacaq mühüm addım atılıb.
Musavat.com xəbər verir ki, Türkiyə, ABŞ, Misir və Qətər liderləri Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzza ilə bağlı atəşkəs və sülh sazişini imzalayıblar.
Tarixi sənədə ABŞ prezidenti Donald Tramp, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imza atıblar.
“Bu, dünya üçün böyük bir gündür, bu, Yaxın Şərq üçün böyük bir gündür”, – deyə ABŞ prezidenti Donald Tramp bəyan edib.
Tramp imzalanan sazişi “ən böyük və ən mürəkkəb razılaşma” adlandıraraq, bunun qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“Onlar həmişə Yaxın Şərqdə III Dünya Müharibəsinin başlayacağından danışırlar, lakin bu, baş verməyəcək. Biz bunun heç bir yerdə başlamasını istəmirik və bu, baş verməyəcək”.
Qəzza razılaşmasının detalları
Sazişə əsasən, Qəzza sektorunda oktyabrın 10-dan qüvvəyə minmiş atəşkəsin davamlılığı təmin ediləcək. Oktyabrın 13-də HƏMAS 20 israilli girovun hamısını Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hərəkat yaxın günlərdə həlak olmuş 28 girovun meyitini də təhvil verməlidir.
İsrail tərəfi isə 1 900-dən çox fələstinli məhbusun azad edildiyini açıqlayıb.
Bu tarixi razılaşma regionda yeni sülh mərhələsinin başlanğıcı kimi dəyərləndirilir və Yaxın Şərqdə uzunmüddətli sabitliyin bərqərar olması üçün mühüm dönüş nöqtəsi hesab olunur.
Musavat.com