Almaniyanın ədliyyə naziri Marko Buşman bildirib ki, Almaniya hazırda orada yaşayan ukraynalıları Ukraynaya qayıtmağa və hərbi xidmətə getməyə məcbur etməyəcək.
Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə o, DPA agentliyinə bildirib.
Nazirin sözlərinə görə, Ukraynada "səfərbərlik problemləri"nin Almaniyada yaşayan kişilər üçün heç bir praktiki nəticəsi olmayacaq.
"Bizim konstitusiyamızda alman vətəndaşlarının öz iradəsi əleyhinə silahlı qüvvələrdə xidmət etməməsi şərt olduğu üçün mən təsəvvür edə bilmirəm ki, biz başqa ölkələrdən olan insanları buna məcbur edə bilərik”, deyə Buşman bildirib.
Xatırladaq ki, dekabrın 21-də "Welt" və "Bild" nəşrləri Ukrayna müdafiə naziri Rustem Umerovla müsahibə dərc edib. Müsahibədə Ukraynanın xaricdə yaşayan 25-60 yaş arası kişilərin 2024-cü ildə ölkə Silahlı Qüvvələrinə səfərbər edilməsini istədiyini bildirib.
Tezliklə Ukrayna Müdafiə Nazirliyi aydınlaşdırıb ki, hazırda belə bir mexanizmlə bağlı müzakirələr aparılmır. Spiker İllarion Pavlyukun sözlərinə görə, Umerov müsahibəsində səfərbərlikdən və xaricdəki ukraynalılara Ukrayna Silahlı Qüvvələrinə qoşulmağın nə qədər vacib olduğunu çatdırmaqdan danışıb.
Nizami Bağırov