Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Hesablama Palatasının yoxlamalarına münasibət bildirib.
Redaktor.az-ın məlumatına görə, açıqlamada problemin gələn ilə qədər həll ediləcəyi deyilir.
"Artıq bir neçə ildir, QSC-nin qonorar sistemindən tam imtinası və maaşların yalnız əmək haqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır. Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Artıq proses başlayıb və QSC-də tam olaraq əmək haqqı sisteminə keçid edilir", - açıqlamada qeyd olunub.
Qeyd edək ki, audit nəticəsində AzTV QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə yol verildiyi müəyyən edilib. Söhbət ümumilikdə 26,0 mln. manatdan, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manatdan gedir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.