Dəm qazından zəhərlənmə ölümcül bir vəziyyətdir. Dəm qazı bədəni oksigendən məhrum edir, təhlükəli nəticələrə səbəb olur. Payız-qış fəslində Azərbaycanda da, dəm qazından zəhərlənmə hallarına rast gəlirik. Ötən həftələrdə iki hərbçi dəm qazından zəhərlənərək, həyatını itirib. Mütəxəssislərin fikrincə, dəm qazından zəhərlənmə halına erkən diaqnoz qoyulmazsa bu ölümlə nəticələnə bilər. Qeyd edək ki, karbonmonoksit rəngsiz, qoxusuz, lakin çox zəhərli qazdır. Qalıq yanacaqların yanması nəticəsində ayrılan bu növ qaz orqanizmə ciddi ziyan vurur. Dəm qazından zəhərlənmə qanda dəm qazının yığılması zamanı yaranan ciddi sağlamlıq problemidir. Qanda az miqdarda oksigen olması və ağciyərlərə çatan havanın karbonmonoksit kimi zəhərli bir qaz olması zəhərlənməyə səbəb olur. Dəm qazından zəhərlənmənin səbəbləri hansılardır? Dəm qazı ilə zəhərlənmə bir çox amillərə görə baş verir. Yanacaq istehlak edən cihazlar, avtomobillər tərəfindən yaranan bu zəhərli qaza uzun müddət məruz qalma əsas səbəblər sırasındadır. Bundan əlavə, kombi kimi təbii qazla işləyən qurğulara texniki qulluq göstərilməməsi onların düzgün işləməməsinə və qaz sızmasına səbəb ola bilər. Bu cihazlara müntəzəm texniki qulluq və təmizlik həyata keçirərək təhlükəsiz şəkildə istifadəyə davam etmək olar. Karbonmonoksit zəhərlənməsi necə baş verir? Qış aylarında istifadə edilən sobalar zəhərlənməyə səbəb ola bilər. İstilik məqsədləri üçün istifadə olunan sobalar üçün kömür yandırıldıqda dəm qazı əmələ gəlir. Külək əks istiqamətdə əsən tüstünün soba borularından geri sovrularaq ev mühitinə yayılmasına səbəb olur və ətrafdakıları tüstüyə məruz qoyur. Dəm qazı zəhərlənmə əlamətləri olan insanlar tez bir zamanda xəstəxanaya çatdırılmalı və müalicə edilməlidir. Əks halda çox ciddi neqativ hallarla qarşılaşa bilərsiniz. Karbonmonoksit zəhərlənməsi üçün ən çox kimlər risk altındadır? Nəfəs aldığımız havanın keyfiyyəti çox vacibdir. Havalandırılmayan bir mühit daim dəm qazına məruz qalırsa, bu mühitdəki fərdlər zəhərlənmə riski altında olur. Eyni zamanda həssas orqanizmləri olan insanlar zəhərlənmə kimi ciddi sağlamlıq problemləri riski altında olur. Körpələr, hamilə qadınlar, anemiyadan əziyyət çəkən şəxslər, xroniki xəstəlikləri olan insanlar həssas bədənə malik olduqları üçün zəhərlənmə riski altındadırlar. Dəm qazı ilə zəhərlənmənin əlamətləri hansılardır? Tənəffüs yolu ilə baş verən bu növ zəhərlənmə üçün bədəndə baş verən bəzi əlamətlər var. Bu simptomlar baş ağrısı, bulantı, qusma, zəiflik, şüurun itirilməsi, başgicəllənmə, nəfəs almaqda çətinlik, sinə və əzələ ağrısıdır. Əgər sizdə bu əlamətlərin olduğunu hiss edirsinizsə, ən yaxın tibb müəssisəsinə müraciət etməlisiniz. Dəm qazından zəhərlənmə nəticəsində yarana biləcək risklər hansılardır? Bir çox orqanların zədələnməsinə səbəb olan bu zəhərlənmə ölümə də səbəb ola bilər. Zəhərlənmə yuxu zamanı baş verirsə, uzun müddət qaza məruz qalmaq huşunu itirməsinə səbəb olduğunda insan bu qazın təsirindən fərqinə varmadan ölə bilər. Ən böyük risk insanın həyatını itirməsidir. Bu səbəbdən xüsusilə qış aylarında sobalara, kombi və digər istilik yayıcı vasitələrə xüsusi diqqət yetirilməli, tüstü bacaları vaxtında təmizlənməlidir. İlahin, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta