ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti (DDLA) Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) tərəfindən təşkil olunan “Alternativ yanacaqlardan və enerji sistemlərindən istifadə edən gəmilərdə çalışan dənizçilərin xüsusi səriştələrinin müəyyən edilməsi” adlı seminarda ölkəmizi təmsil edib.
"Unikal" xəbər verir ki, beynəlxalq tədbirdə Dənizçi sənədləri şöbəsinin müdiri Səbuhi Orucov və Təlim və sertifikatlaşdırma mərkəzinin aparıcı mütəxəssisi Rüstəm Aslanlı iştirak ediblər.
Seminar çərçivəsində “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Konvensiyanın mövcud müddəalarının yeni texnologiyalara uyğunlaşdırılması, təhsil müəssisələri və təlim mərkəzləri üçün yeni tədris proqramlarının hazırlanması və dənizçilərin xüsusi hazırlıq səviyyəsinin artırılması üçün zəruri olan normativ və praktiki addımlar müzakirə edilib. Həmçinin hidrogen, ammonyak, metanol və digər alternativ yanacaq növlərinin təhlükəsizlik tələbləri, risklərin qiymətləndirilməsi, bunker əməliyyatları və enerji sistemlərinin idarə olunması üzrə beynəlxalq təcrübə təqdim edilib.
DDLA-nın Dənizçi sənədləri şöbəsinin müdiri Səbuhi Orucov seminarda iştirakın Avropa Komissiyası, Beynəlxalq Dəniz Təşkilatı, təhsil müəssisələri və təlim mərkəzləri, dənizçilik administrasiyaları və sənaye nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi, qabaqcıl praktiki yanaşmaların öyrənilməsinə geniş imkan yaradacağına əminliyini ifadə edib.



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.