“Karvan”ın məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qubada üz-üzə gəliblər.
Əyalət təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 1:1.
Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə, bura qələbə üçün gəlmişdik. Həm qalib gələ, həm də uduza bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən, sonadək mübarizə apardılar. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, “Karvan” növbəti turda “Neftçi” ilə qarşılaşacaq.
