AZ

Tramp: Qəzzada təhlükəsizlik qüvvələrinin yaradılmasında iştirak etmək istəyən ölkələrin sayı artır

Bakı, 16 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Qəzza sektorunda beynəlxalq sabitlik qüvvələrinin formalaşdırılmasında birbaşa iştirak etmək istəyən ölkələrin sayının artdığını iddia edib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib. “Getdikcə daha çox ölkə bu təşəbbüsə qoşulur. Onlar mənim istədiyim sayda qoşun göndərməyə hazırdırlar”, - deyə ABŞ Prezidenti bildirib. Birləşmiş Ştatların dövlət başçısı sabitlik qüvvələrinin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı suala cavab verərkən onların müəyyən formada artıq fəaliyyət göstərdiyini söyləyib. Lakin o, bunun hansı formada olduğunu və ya sülhməramlı kontingentdə hansı ölkələrin iştirak edəcəyini dəqiqləşdirməyib.

Bir müddət öncə “The Wall Street Journal” nəşri hələlik heç bir ölkənin sabitlik qüvvələrinin tərkibində Qəzza sektoruna qoşun göndərməyə razılıq vermədiyini yazıb.

Qeyd edək ki, ABŞ hakimiyyəti hazırda Qəzza sektoruna beynəlxalq sabitlik qüvvələri yerləşdirmək planı üzərində işləyir. “National" qəzeti bu qüvvələrə Azərbaycan, Misir, Türkiyə və İndoneziyadan azı 4 min hərbçinin daxil olacağını iddia edib. Onlar ağır silahlardan istifadə etməyəcək və sülhməramlı qüvvələrə bənzər mandata malik olacaqlar. Beynəlxalq kontingent səhra xəstəxanalarının yerləşdirilməsinə və vacib infrastrukturun bərpasına, eləcə də dağıntılar altından fələstinlilərin cəsədlərini çıxarmaq üçün axtarış-xilasetmə əməliyyatlarına nəzarət edəcək. Bu əməliyyatlara 3 min yerli könüllü də cəlb olunacaq.

 

Seçilən
149
48
azertag.az

10Mənbələr