Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/26 mövsümünün 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib.
Arena.az xəbər verir ki, “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü sülhsüz başa vurub.
Gəncə klubu geridə qalmış turlarda 3 qələbə qazanıb və 12 dəfə uduzub.
Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət almış “Gənclik” nəzərə alınmasa, buna qədər 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.
Sonuncu belə seriya 18 il əvvəl – 2007/2008-ci illər mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” sülhsevməzlik nümayiş etdirib.
Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb. Həmin mövsümdə “ağ-qaralar” keçirdikləri 15 oyunda 14 qələbə qazanıblar, 1 məğlubiyyət görüblər.
