Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Moderator.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə 50 nəfərdən ibarət 12 ailə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 169 nəfərdən ibarət 37 ailə, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 147 nəfərdən ibarət 29 ailə köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.