Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə “kommunal xidmətlərin qiymətləri artacaqmı?” sualını aktuallaşdırır.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir müşahidə olunur, lakin bu proses sosial həssaslıq nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycan sosialyönümlü dövlət olduğu üçün qiymət artımları ilk növbədə qeyri-yaşayış obyektlərinə tətbiq edilir. Əhali üçün nəzərdə tutulan kommunal xidmətlərdə isə artımlar daha sonra və nisbətən cüzi həcmdə baş verir: “Hər il manatın alıcılıq qabiliyyətində dəyişiklik olur, inflyasiya faizləri açıqlanır. Bu isə xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətlərin təklif qiymətləri də artırılır. Lakin bu artımlar mərhələli şəkildə aparılır ki, əhali ciddi iqtisadi zərbə almasın”.
V.Oruc qeyd edib ki, 2026-cı illə bağlı iqtisadi proqnozlar da tam ürəkaçan deyil və bu baxımdan növbəti ildə də kommunal xidmət haqlarında artım ehtimalını istisna etmək olmaz: “Əgər vergilərdə artım baş verirsə, yeni vergi istiqamətləri müəyyənləşdirilirsə, dövlət büdcəsinin xərcləri optimallaşdırılırsa və qənaət rejiminə keçilirsə, bu, müəssisələrin daxili borclarını azaltmaq üçün qiymət artımlarına getməsinə səbəb ola bilər”.
Ekspert əlavə edib ki, artıq istilik şəbəkələri, lift xidmətləri və digər oxşar sahələrdə maya dəyərinin artması ilə bağlı məlumatlar mövcuddur. Həmçinin Bakı metrosunun da ciddi büdcə kəsiri yaşadığını, əldə etdiyi gəlirlərin xərcləri ödəmədiyini vurğulayıb.
“Bu baxımdan hesab edirəm ki, 2026-cı ildə də müəyyən kommunal xidmətlər və məişət xərcləri üzrə qiymətlərin mərhələli şəkildə, əhali üçün ciddi problem yaratmayacaq formada artırılması gözləniləndir”, – deyə V. Oruc bildirib.