Pekin manevrləri separatçı və xarici qüvvələr üçün sərt xəbərdarlıq adlandırırb...
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Raket Qoşunları Tayvan boğazı istiqamətində irəliləyərək “Ədalət Missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimlərə start verib.
Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi ÇXAO-nun Şərq Hərbi Dairəsinin komandanlığına istinadla məlumat yayıb. Rəsmi açıqlamada bildirilir ki, manevrlər “separatçı meyllər göstərən qüvvələrə və xarici müdaxilə cəhdlərinə qarşı sərt xəbərdarlıq” məqsədi daşıyır.
Şərq Hərbi Dairəsinin nümayəndəsi, baş polkovnik Şi İnin sözlərinə görə, təlimlər təkcə Tayvan boğazında deyil, həmçinin adanın şimalında, cənub-qərbində, cənub-şərqində və şərqində yerləşən akvatoriyalarda keçiriləcək. Təlim proqramına dənizdə və havada tam döyüş hazırlığı vəziyyətində patrul xidməti, qoşun növləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, “hərtərəfli üstünlüyün ələ keçirilməsi”, əsas limanların blokadası, eləcə də ada zəncirindən kənarda çəkindirmə əməliyyatlarının icrası daxildir.
Agentliyin yazdığına görə, Çin bu hərbi fəallıqla eyni zamanda Yaponiyaya da dolayı mesaj göndərir və mümkün müdaxilədən çəkindirməyə çalışır. Qeyd olunur ki, təlimlər Pekinin Yaponiyanın baş naziri Sanae Takaitynin Çin Tayvana qarşı hərbi əməliyyatlara başlasa, Tokionun “kollektiv özünümüdafiə hüququndan” istifadə edə biləcəyi barədə açıqlamasından sonra keçirilib. Bununla belə, Çin tərəfi rəsmi bəyanatlarında Yaponiyanın adını birbaşa çəkməyib.
Tayvanın Müdafiə Nazirliyi isə Çinin hərbi manevrlərini “irrasional və təxribatçı addımlar” kimi qiymətləndirərək kəskin şəkildə pisləyib. Nazirlikdən bildirilib ki, adaya yaxın ərazilərdə keçirilən bu cür genişmiqyaslı təlimlər regional sülh və sabitliyə ciddi zərbə vurur və gərginliyin daha da artmasına səbəb ola bilər.
Ekspertlərin fikrincə, “Ədalət Missiyası 2025” təlimləri Tayvan ətrafında hərbi-siyasi vəziyyətin daha da kəskinləşdiyini göstərir və regionda təhlükəsizlik balansına təsir göstərə biləcək növbəti addım kimi dəyərləndirilir.
Poliqon.info