AZ

Türkiyənin energetika naziri: Neft kəşfiyyatı zamanı üfüqi istiqamətli qazma sınaqdan keçiriləcək

Ankara, 3 yanvar, AZƏRTAC

Cari ildə Türkiyədə “qara qızıl” laylarının aşkara çıxarılması məqsədilə üfüqi istiqamətli qazma aktiv şəkildə sınaqdan keçiriləcək. Söhbət, xüsusilə şist neftinin kəşfiyyatı üçün yeni quyuların qazılmasının planlaşdırıldığı, ölkənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətinin ərazilərindən gedir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan edib.

Nazirin sözlərinə görə, Diyarbəkirdən gələn müsbət xəbərlər Türkiyənin bütövlükdə enerji xəritəsinə təsir göstərə bilər. Ölkədə qaz hasilatının artımına toxunan A.Bayraktar qeyd edib ki, yeni “Osman Qazi” dəniz platforması sayəsində Qara dənizin Türkiyə sektorunda yerləşən “Sakarya” yatağında hasilatın həcmi iki dəfə artırılacaq.

“‘Osman Qazi’ platforması sayəsində Türkiyənin qazpaylama sisteminə sutkada 9-10 milyon kubmetr mavi yanacaq veriləcək ki, bu da artıq 8 milyon abunənin yerli qazla təmin olunmasına imkan yaradacaq”, - deyə nazir bildirib.

O, istisna etməyib ki, 2028-ci ilə qədər Türkiyədə yerli qazdan istifadə edən abunəçilərin sayı 16-17 milyona çata bilər. “Bu, bizim məqsədimizdir və biz bu hədəfə doğru irəliləyirik”, - deyə A.Bayraktar vurğulayıb.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
170
24
azertag.az

10Mənbələr